AMEA eyni gündə, eyni ünvanda və eyni şəxs tərəfindən yaradılan şirkətləri qalib elan etdi - FOTOFAKT


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Neft və Qaz İnstitutu  tərəfindən keçirilən tender müsabiqəsində 4 şirkət qalib elan olunub.
Yeniavaz.com
 açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, bu şirkətlərdən 2-si eyni gündə, eyni ünvanda və eyni şəxs tərəfindən, digər 2-si də yenə eyni gündə, eyni ünvanda və eyni şəxs tərəfindən yaradılıb.
Neft və Qaz İnstitutu tərəfindən keçirilən 10 tender müsabiqəsinin (kotirovka sorğusu) qalibləri “Sputnik-Esko Servis 2017” MMC, “Kamen Biznes Compani” MMC,  “Epmss Group” MMC və “Akı-Rema LTD” MMC olub.
Bu şirkətlərdən 2-si - “Epmss Group” MMC və “Akı-Rema LTD” MMC eyni gündə - 26.07.2018-ci il tarixində dövlət qeydiyyatına alınıb. Şirkətlərin hüquqi ünvanları eynidir – “Astara rayonu, Ərçivan”, Nizamnamə kapitalları da eynidir – cəmi 2 manat. Hər iki şirkətin qanuni təmsilçisi də eyni şıəxsdir – Məmmədova Kəmalə Baladadaş qızı.
Digər 2 şirkət - “Sputnik-Esko Servis 2017” MMC və “Kamen Biznes Compani” MMC də eyni gündə - 08.09.2017-ci il tarixində dövlət qeydiyyatına alınıb. Şirkətlərin hüquqi ünvanları eynidir – “Sabirabad rayonu, Sabirabad şəhəri, Vidadi, ev 94”. Nizamnamə kapitalları da eynidir – 10 manat. Hər iki şirkətin qanuni təmsilçisi də eyni şəxsdir – Mustafayev Ramil Sərraf oğlu.
Onu da bildirək ki, Mustafayev Ramil Sərraf oğlu qeyd olunan 2 şirkətdən başqa 08.09.2017-ci il tarixində eyni ünvanda daha 2 şirkəti - "Raymond Veil Compani RM” MMC və "Rasr H.R.S Servis" MMC-ni də dövlət qeydiyyatına aldırıb.
Tender müsabiqəsinin maraqlı tərəflərindən biri də odur ki, Neft və Qaz İnstitutu üçün elmi tədqiqatlar aparacaq bu şirkətlərin adına açıq internet resurslarda rast gəlmək olmur.
Onu da bildirək ki, adları qeyd olunan bu şirkətlər Neft və Qaz İnstitutundan ümumilkdə 202 min 588 manat alacaqlar.


A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top