Energetika naziri Pərviz Şahbazov Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) onlayn formatda keçirilən 22-ci Nazirlər Görüşündə iştirak edib.
Energetika Nazirliyindən Yeniavaz.com-a verilən məlumata görə, tədbirdə Foruma sədrlik edən Əlcəzairin energetika naziri Abdelmadjid Attar, Baş katib Yuri Sentyurin və digər nazirlərlə yanaşı Azərbaycanın energetika naziri Pərviz Şahbazov da çıxış edib.
Çıxışda COVID-19 qlobal pandemiyasının dünyada enerji sektoruna və təbii qaz sənayesinə təsiri, iqlim dəyişmələri və hidrogen enerjisindən istifadə kimi mövzulara toxunulub, aşağı karbonlu enerji mənbəyi kimi təbii qazın enerji transformasiyasındakı mühüm rolundan bəhs edilib. Ölkəmizin apardığı enerji siyasəti çərçivəsində həyata keçirilən transmilli layihələrin enerji təhlükəsizliyinə, sabitliyə, beynəlxalq əməkdaşlığa və inkişafa xidmət etdiyi qeyd edilib və buna bariz nümunə kimi Cənub Qaz Dəhlizi göstərilib. Bildirilib ki, yaxın vaxtlarda açılışı olacaq və Azərbaycan qazını avropalı istehlakçılara çatdıracaq Transadriatik Boru Kəməri təchizat mənbələrini şaxələndirməyə imkan yaradır: “Avropanın cənubu Xəzər regionu ilə ilk dəfə birləşir və bu, 3500 kilometrlik dəhliz ətrafında regionların, ölkələrin inteqrasiyası, inkişafı, enerji təhlükəsizliklərinin möhkəmləndirilməsi deməkdir”.
Qaz İxrac Edən Ölkələr Forumu Nazirlərinin 22-ci Görüşü iki sessiyada işini davam etdirib.
Xatırladaq ki, Qaz İxrac edən Ölkələr Forumu ilk dəfə 2001-ci il 19-20 may tarixlərində İran İslam Respublikasının Tehran şəhərində Əlcəzair, Bruney, İndoneziya, İran, Malayziya, Oman, Qətər, Rusiya, Türkmənistan və Norveçin nümayəndələrinin iştirakı ilə keçirilən 1-ci Nazirlər Görüşü zamanı təsis edilib, 23 dekabr 2008-ci il tarixində Rusiya Federasiyasının Moskva şəhərində keçirilmiş 7-ci Nazirlər Görüşü zamanı isə beynəlxalq təşkilat statusu alıb.