Ekspert: "Rusiyanın vasitəçilik missiyasını yerinə yetirməyə haqqı çatmır"

Aprel döyüşlərindən sonra Ermənistana "İsgəndər" raketləri sataraq qarşı tərəfi növbəti məğlubiyyətlərdən sığortalamağa çalışan Rusiya Azərbaycana adı çəkilən silahı satmaq niyyətində deyil. Bunu Rusiya Federasiyası Dövlət Duması Təhlükəsizlik Komitəsi sədrinin keçmiş müavini, deputat, general Viktor Vodolatski "Tert.am"a verdiyi açıqlamasında bildirib. O bunun səbəbini "İsgəndər"in hücum silahı olması ilə izah edib. General eyni zamanda Ermənistanın Rusiyanın icazəsi olmadan "İsgəndər"dən münaqişə zamanı istifadə edə biləcəyini qeyd edib. Vodolatskinin bu açıqlaması Rusiyanın aşkar şəkildə münaqişənin həllində hərbi baxımdan Ermənistanı dəstəkləməsi kimi dəyərləndirilə bilər. Məsələyə münasibət bildirən hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov "Yeniavaz.com" a verdiyi açıqlamasında generalın dediklərini Rusiyanın növbəti dəfə münaqişənin həllində neytral tərəf olmamasının və bu baxımdan vasitəçilik missiyasını yerinə yetirməyə haqqının çatmamasının sübutu kimi dəyərləndirdi. Üzeyir Cəfərov: "Viktor Vodolatskinin açıqlaması bir daha göstərdi ki, Rusiya Qarabağ münaqişəsinin həllində mövcud status-kvonun qorunub saxlanılmasında maraqlıdır və onun dəyişməsinə imkan vermək niyyətində deyil. Heç kimə də sirr deyil ki, aprel döyüşlərinin uğurla başa çatdırılmasına Rusiya mane oldu. Lakin general unudur ki, Rusiyanın Azərbaycana "İsgəndər" raketləri satmasına heç ehtiyac da yoxdur. Onsuz da ölkəmiz həmin raketlərin analoqu olan "Barak-8" və "Qrom" (İldırım") raketlərinə malikdir. Eyni zamanda Azərbaycan digər ölkələrdən də ən müasir silahlar almaqda davam edir. Yəni istənilən halda Rusiya özünün hərbi müttəfiqi olan Ermənistanı silahlandırmaqla mövcud status-kvonu qoruyub saxlaya bilməyəcək. Aprel döyüşləri də göstərdi ki, silahli qüvvələrimiz istənilən an işğal altında olan torpaqlarını azad etməyə qadirdir",-dedi.

Əzşz Mustafa

DİGƏR XƏBƏRLƏR

Top