Lənkəranda uşaqların ölümü ilə bağlı cinayət işi başlandı - YENİLƏNİB


Bugün saat 5:00 radələrində Lənkəran şəhərində evin yanması nəticəsində iki azyaşlı ölüb.
Baş Prokurorluğun mətbuat xidmətindən Yeniavaz.com-a verilən məlumata görə, Lənkəran şəhəri Səttərxan küçəsi 8 ünvanında yerləşən 3 otaqlı fərdi yaşayış evində yanğın baş verməsi nəticəsində 2019-cu il təvəllüdlü Quts Emil Cəsarət oğlu və 2014-cü il təvəllüdlü Quts Milana Aleksandrovna həlak olublar, 2018-ci il təvəllüdlü Quts Artyom Aleksandroviç xəsarət alıb. 
Faktla bağlı FHN-nin İstintaq-Əməliyyat idarəsində Cinayət Məcəlləsinin 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.  
FHN-nin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, yanğın-texniki ekspertizası və məhkəmə-tibb ekspertizası təyin edilməklə digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. 
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

***11:52

Bu gün səhər saatlarında Lənkəran şəhərində fərdi yaşayış evində yanğın olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olub.
Bildirilib ki, ev sakinləri içəridə köməksiz vəziyyətdə qalıb.
Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Cənub Regional Mərkəzinin xilasediciləri yanğın baş verdiyi əraziyə cəlb olunub.
Yanğın nəticəsində ümumi sahəsi 81 kvadrat metr olan birmərtəbəli üçotaqlı evin yanar konstruksiyaları yanıb. Yanğın zamanı üç azyaşlı xilas edilərək, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin həkim briqadasına təhvil verilib.
Uşaqlardan ikisi (2019 və 2014-cü il təvəllüdlü) xəstəxanada vəfat edib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

DİGƏR XƏBƏRLƏR

Top