Şuşanın işğalını elan edən aparıcı: "O günün xəcaləti və kədəri indiyə qədər üstümdə idi" - VİDEO


"28 il altı aydır ki, o ağır bir daş kimi ürəyimdə asılı qalmışdı".

Yeniavaz.com xəbər verir ki, bu sözləri Şuşanın işğalını 28 il əvvəl AzTV-nin efirində kədərlə açıqlayan Əməkdar artist Nailə İslamzadə İTV-də qonaq olarkən deyib. O həmin vaxtı belə xatırlayıb:
“Bu ağır bir hiss idi. Mayın 8-i Şuşa işğal olunmuşdu, ancaq efirdən onu demədilər. Dedilər, sonra təkzib verdilər. 9-u səhər isə Qarabağın komendantı efirə çıxdı, ona mən söz verdim və Şuşanın işğal olunduğu elan olundu. 28 il altı aydır ki, o ağır bir daş kimi ürəyimdə asılı qalmışdı”. 
N. İslamzadə bu barədə sosial şəbəkədə status da yazıb. O,  illər əvvəl yaşadığı xəcalət hissinin fəxarətlə dəyişdiyini bildirib:
“Düz 28 il 6 ay əvvəl Şuşamızın işğalı günü AzTV-də diktor olaraq növbədə və ekranda idim, o günün xəcaləti və kədəri indiyə qədər üstümdə idi. Bu gün o xəcalət hissini fəxarət hissinə dəyişə bildiyimə görə, Şuşanın işğaldan azad olunması xəbərini Ali Baş Komandandan sonra ilk olaraq efirdə səsləndirdiyimə görə çox xoşbəxtəm”.

DİGƏR XƏBƏRLƏR

Top