Sabir Qaraxançallı: "Bu kitab mənim uzun ömür yolumun qısa xəritəsidir"


Bu günlərdə Mingəçevirin tanınmış ziyalılarından olan Sabir Qaraxançallının “Bir ömrün yadigarı”adlı şeirlər kitabı işıq üzü görüb.
Yeniavaz.com
xəbər verir ki, Sabir Qaraxançallı Mingəçevirdə yaşayıb yaratsa da əslən Kəlbəcərin Qaraxançallar kəndində anadan olub. Bu kitabda da  son dərəcə bir könül sahibinin bir ömür boyunca yaşadığı duyğular öz əksini tapıb. Müəllifin kitabda gənclik sevgisi də var, insanlardan gileyi də, halına şükr etməyi də, amma ən çox yurd həsrəti, Kəlbəcərsiz yaşanan illərin ağrı-acısı, bir şair könlündə açdığı şırımlar diqqəti çəkir. Müəlliflə həmsöhbət olarkən o da aydın oldu ki, onun ağrı-acısından doğulmuş şeirləri yüz minillərin dərdinin tərcümanıdır.

Sabir müəllimlə söhbətimiz zamanı bildirdi ki, bu kitab onun yadıgarıdır: "Boynuma alım ki, bu kitab mənim təşəbbüsümlə ərsəyə gəlməyib. Oğlum Anar, dostum Məmməd İsmayılla danışıb və mənə sürpriz etmək istəyib. Amma kitab başa gələnə qədər sürpriz olmaqdan çıxdı və burada toplanmış şeirlərin, digər yazıların yenidən işlənməsində mən özüm elə onlar qədər zəhmət çəkməli oldum. Onu da deyim ki, bu kitab mənim uzun ömür yolumun qısa xəritəsidir. Kitabdakı şeirlərimin hamısı oxucumun duyğularına tərcuman, sıxıntısına təsəlli olacaqsa, inanıram ki, mən onu hiss eləyib rahatlıq tapacam. Onu da deyim ki, bu gün Azərbaycanda Vətən müharibəsi-haqq savaşı gedir. Şeirlər, yazılar indən sonra yazılmalıdır. Bu gün dünyanın gözü Azərbaycandadır. Bu mübarizədə ədalətin Azərbaycanın tərəfində olduğunu daim söyləyən və haqq savaşımızda ilk gündən bizi dəstəkləyən qardaş Türkiyə başda olmaqla dost ölkələr etiraz səslərini ucaltdılar. Birmənalı şəkildə Azərbaycanın yanında yer alan, onu qeyd-şərtsiz dəstəkləyən ölkələr, sözün əsl mənasında, əsl dostluq, qardaşlıq nümunəsi nümayiş etdirərək haqq tərəfdarı olduqlarını sərgilədilər. Vətənimizin yeni tarixi yazılır, son sözü Azərbaycan deyəcək. İnanıram ki, gənc yazarlarımız bu gündən sonra bu ruhda, bu kökdə yazacaqlar”.
Qeyd edək ki, Sabir Qaraxançallı daha bir əlyazması üzərində işləyir. Qələbə sorağı ilə həmin əlyazmasını sonlayacaq.
Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top