"İşsizlik müavinətinin təyin olunması avtomatlaşdırılacaq"-Nazir müavini

"Cari ilin noyabr ayının 15-dən əlilliyin avtomatlaşdırılmış sistem vasitəsilə, yəni məmur-vətəndaş təmasları olmadan, tam şəffaf şəkildə qiymətləndirilməsinə başlanılıb". Yeniavaz.com saytının məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev ölkəmizdə ilk Ombudsman institutunun yaradılmasının 15 illiyi münasibəti ilə keçirilən tədbirdə bildirib. Bu barədə saytımıza nazirliyin mətbuat xidmətindən məlumat verilib.

O, eyni zamanda sistem tərəfindən avtomatlaşdırılmış şəkildə əlillik müddəti başa çatmamış birinci dərəcə əlilliyin müddətsiz müəyyən edildiyini, ikinci və üçüncü dərəcə əlilliklərin müddətinin 5 ilədək uzadıldığını, nəticədə hər il təkrar müayinə edilməli olan 200 minə yaxın vətəndaşın bu prosedurdan keçməsinə ehtiyac qalmadığını diqqətə çatdırıb.

İ. İsayev aparılan islahatlar nəticəsində ölkədə müasir sosial müdafiə sistemi və sosial infrastrukturun formalaşdığını qeyd edib: "Respublikamızda sığorta prinsiplərinə və fərdi uçot sisteminə əsaslanan 100 faizlik əhatə dairəsinə malik pensiya sistemi fəaliyyət göstərir və bu sistemin təkmilləşdirilməsi işlərinin davamı kimi yeni strategiyanın icrasına başlanıb. Sosial müdafiə sistemi vasitəsilə 1 milyon 312 min nəfər əmək pensiyası, 506 min nəfər müxtəlif növ müavinətlər, 162 min ailənin 707 min nəfər üzvü ünvanlı sosial yardım alır. Bu insanlara hər ay təqribən 316 milyon manat vəsait ödənilir".

Nazir müavini vurğulayıb ki, son illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əmək müqavilələrinin elektron qeydiyyatı, ünvanlı dövlət sosial yardımı, əlilliyin qiymətləndirilməsi və avtomatlaşdırılmış pensiya təyinatı sistemləri formalaşdırılıb: "Bu sistemlər müvafiq sahələrdə idarəetmənin müasir texnologiyalar əsasında təkmilləşməsinə səbəb olmaqla yanaşı, sosial müdafiə sistemində ünvanlılıq və şəffaflıq prinsiplərinin təmin olunmasına, digər tərəfdən əhalinin həssas kateqoriyalarına yönələn vəsaitlərin istifadəsində səmərəliliyin artırılmasına imkan verib: "2014-cü ilin 01 iyul tarixindən istifadəyə verilən əmək müqavilələrinin elektron qeydiyyat sistemində hazırda 1 milyon 271 min 407 əmək müqaviləsi qeydiyyatdadır. İlk dəfə olaraq bu sistem vasitəsilə əmək münasibətlərinin hüquqi əsasları elektron müstəviyə çıxarılıb".

Sistemin üstünlüklərini diqqətə çatdıran İ. İsayev onu da bildirib ki, işçilər onlarla bağlanan, dəyişiklik edilən və ya xitam verilən əmək müqavilələri barədə sistem vasitəsilə təfsilatı məlumatı əldə edərək, öz əmək və sosial təminat hüquqlarını müdafiə etmək imkanı qazanırlar: "Bu islahat tədbiri işçilərin əmək və gələcək sosial təminat, gələcəkdə layiqli pensiya təminatına malik olmaq hüquqlarının real təminat forması olmaqla, həmçinin işəgötürən üçün əmək qanunvericiliyində nəzərdə tutulmuş hüquqlarının qorunmasına mühüm əsas formalaşdırmaqla yanaşı, sosial sığorta haqları və vergi daxilolmalarının artmasına da imkan yaradıb". Nazir müavini həmçinin vətəndaşların "İş yerindən arayış" e-xidməti vasitəsilə öz iş yeri, əmək haqqı və digər parametrlər barədə elektron formada məlumat təqdim edə bildiklərini, cari ilin 11 ayı ərzində həmin e-xidmətdən 205 min nəfərin istifadə etdiyini bildirib.

İ. İsayev Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) vasitəsilə sosial yardım üçün müraciət edilməsi və yardım təyinatı prosedurlarının elektron rejimdə həyata keçirilməsinin təmin edildiyini deyib: "Beləliklə, ünvanlı sosial yardım təyinatında vətəndaş-məmur təmasları aradan qaldırılıb və şəffaflıq tam təmin edilir. Son nəticədə bu, sosial təminat hüquqlarından istifadədə vətəndaş məmnunluğuna səbəb olub. İşə başladığı 2016-cı ilin 15 fevralından 01 dekabr tarixinədək VEMTAS tərəfindən 57,8 min ailəyə avtomatlaşdırılmış şəraitdə sosial yardım təyinatı aparılıb".

Nazir müavini fəaliyyət sahələrinin avtomatlaşdırılması nəticəsində nazirliyin 30-a qədər elektron xidmətinin istifadəyə verildiyini də bildirib: "Cari ilin 11 ayında həmin e-xidmətlərə 5 milyon 661 min dəfə müraciət edilməsi onlara olan böyük sosial tələbin əyani göstəricisidir. 2016-cı ilin 9 ayında e-xidmətlərindən ən çox istifadə olunan dövlət qurumu da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olub. Hazırda nazirliyin fəaliyyətinin 4-cü mühüm istiqaməti olan məşğulluq xidmətləri və işsizlik müavinətinin təyin olunması sahəsinin avtomatlaşdırılması istiqamətində də gərgin iş aparılır və fikrimcə, növbəti ilin ilk rübündə bu proses də yekunlaşacaqdır".

Nicat

DİGƏR XƏBƏRLƏR

Top