Ekspert bankların dollar satmamasının səbəbini açıqladı

Son bir neçə həftədə əksər banklar nəinki dollar satmaqdan, hətta onu almaqdan belə imtina etməkdədir. Bəzi banklar isə dollar satışını minimuma endiriblər. Bəs bankları belə bir addım atmağa nə məcbur edir? Məsələ ilə bağlı "Yeniavaz.com"un sualına cavabında tanınmış iqtisadçı Azər Mehdiyev bəzi bankların belə bir addım atmasına səbəb kimi bazara kifayət qədər dollar çıxarılmamasını göstərdi. Onun sözlərinə görə yaranmış vəziyyət bankları daha ehtiyatlı addımlar atmağa məcbur etməkdədir. Azər Mehdiyev: "Bankların əksəriyyətinin xarici tərəfdaşları qarşısında bəzi öhdəlikləri var və onlar müxtəlif təsərrüfat subyektləri ilə alış-verişi dollar vasitəsi ilə aparırlar. Belə hesab edirəm ki, bankların dollar satışını normal qaydada həyata keçirməsi üçün bazara tələbatı ödəyəcək qədər dollar çıxarılmalıdır. İndiki vəziyyətdən yalnız bu yolla çıxmaq olar",-dedi.

Bəzi bankların düşünülmüş şəkildə gözləmə mövqeyi tutaraq yeni ildən manatın dollara nisbətdə məzənnəsinin necə olacağını gözləməsi barədə deyilənlərə gəlincə, ekspert bu amili də bazara kifayət qədər dollar çıxarılmaması ilə əlaqələndirdi. Onun sözlərinə görə bazara kifayət qədər dollar çıxarılacağı təqdirdə manatın məzənnəsi sabitləşəcək və bu da banklara fəaliyyətlərini normal şəkildə davam etdirməyə imkan verəcək.

Əziz Mustafa

DİGƏR XƏBƏRLƏR

Top