"Oxu marafonu"nu izləyiblər

Dekabrın 27-də Bakıdakı 36 nömrəli tam orta məktəbdə "Oxu marafonu"na həsr olunmuş tədbir keçirilib. Tədbirdə Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, Nərimanov Rayonu İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova, M.Ə.Sabir Fondunun prezidenti Sevda Tahirli, Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami, millət vəkili Adil Əliyev, məktəb rəhbərliyi, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər.

Tədbirin keçirilməsinin əsas məqsədi şagirdlərin mütaliəyə diqqətinin artırılması, yeniyetmə və gənclərin oxu vərdişlərinin inkişaf etdirilməsi, kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil edilməsinə nail olmaqdır.

Qeyd edək ki, təhsil nazirinin "Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə" əmrinə əsasən, şagirdlər tərəfindən oxunan və tamaşa olunan əsərlərin onların iştirakı ilə müzakirəsinin keçirilməsi, mütaliə etdikləri kitablar barədə rəy və mülahizələrinin digər həmyaşıdları ilə onlayn mühitdə paylaşmaları və bununla əlaqədar onlara lazımi mənəvi və texniki dəstək göstərilməsi məqsədilə məktəbdə "Mütaliə dəhlizi" yaradılıb.

Tədbirdə qeyd olunub ki, şagirdlərin asudə vaxtının səmərəli təşkili və mütaliə vərdişlərinin formalaşdırılması üçün əlverişli şəraitin yaradılması mühüm amildir. Bildirilib ki, maraqlı dizaynda olan kitab rəfləri, maraqlı kitablar, cəlbedici mütaliə mühiti və müzakirə guşəsi şagirdlərdə mütaliə üçün motivasiyanı daha da artırır. Bu baxımdan müvafiq təcrübənin digər ümumi təhsil müəssisələrində də yayılması təşəbbüsü irəli sürülüb. Daha sonra şagirdlərin hazırladığı ədəbi-bədii kompazisiyalar nümayiş etdirilib.

Qvami Məhəbbətoğlu

DİGƏR XƏBƏRLƏR

Top