“Onların da sevinməyə haqqı var”

Ailədən, ata-anadan, sevgidən məhrum olan uşaq evinin daimi sakinləri əlamətdar günlər zamanı daha cox yada düşür, xatırlanırlar. Bayram günlərində idarə, müəssisə və təhsil ocaqları onları yada salır. Beləcə, onlar da ömürlərinin ən xoşbəxt anlarını bu vaxtlarda yaşayırlar. Bu gün də onlar çox xoşbəxt görünürdülər. Çünki məktəblilər onları yad etmişdilər. Söhbət Mingəçevirdəki Nevroloji Uşaq Sanatoriyasında valideyn himayəsindən məhrum olan uşaqlardan gedir. Mingəçevir məktəblərində Yeni il bayramı münasibəti ilə tədbirlər keçirilir. Tədbirin birinci hissəsi məktəbdə keçirilir, ikinci hissəni isə şagirdlər öz yaşıdları ilə uşaq evində valideyn himayəsindən məhrum olmuş uşaqlarla keçirirlər. 6 saylı və 17 saylı məktəbin kollektivi və şagirdləri günün ikinci yarısı sanatoriyada olublar. Onlar birlikdə rəqs edib, şənləniblər.

6 saylı məktəbin direktoru Xurşud Zamanova Yeniavaz.com saytına bildirib ki, övlad ailənin sütunudur, biz müəllimlər məktəbdə, evdə övladlarımızın başına pərvanə tək dolanırıq, onları hər cür nemət içərisində böyüdürük.Odur ki, burada yaşayan uşaqları da unutmamalıyıq: "Bir məktəb rəhbəri kimi, bir ana kimi bizim borcumuzdur ki, gözü yolda qalan balaları mütəmadi olaraq yad edək, onları tək qalmağa, darıxmağa qoymayaq”.

Məktəblilər gətirdikləri bayram sovqatını uşaq evindəki dostları ilə bölüşüblər.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top