"2016-cı il ərzində AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) respublika ərazisində olan 42 seysmik stansiyasında (35 daimi və 7 stasionar) 9905 zəlzələ qeydə alınıb. Azərbaycan və ona bitişik ərazilərdə 7866, respublika ərazisində 4365, dünyada 2039 zəlzələlər RSXM tərəfindən emal edilib. Azərbaycan ərazisində maqnitudası 3-dən yuxarı olan 91 zəlzələ olub. Onlardan 18-i hiss olunub. İl ərzində respublika ərazisində baş verən ən güclü zəlzələ isə 1 avqust 2016-cı il tarixində İmişli ərazisində baş verən və maqnitudası 5.6 olan İmişli zəlzələsi olub". Bu sözləri AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Elmi-Texniki Şurasının bu gün keçirilən iclasında RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli deyib. O həmçinin bildirib ki, 2014-2016-cı illərdə Xəzərdə seysmik baxımdan aktivliyin artması müşahidə olunub. Q.Yetirmişli neft-qaz yataqları ətrafında baş verən hadisələr və neft hasilatında olan azalmalara seysmikliyin təsirləri haqqında da danışıb. Baş direktor çıxışında hesabat ili ərzində RSXM-də geofiziki, geokimyəvi, geodonamik tədqiqatlar aparıldığını da diqqətə çatdırıb.
Qvami Məhəbbətoğlu