Uşaqlar niyə xəstələnir? Baş pediatr səbəblərini açıqladı

"Mövsümü xəstəliklər deyilən xəstəliklər var. Buna soyuqdəymə xəstəlikləri deyilir. Əvvəlki illərdə olduğu kimi hər il payız, qış gələndə bu xəstəliklər üzə çıxır". Bu sözləri "Yeniavaz.com" saytına Azərbaycanın baş pediatrı Nəsib Quliyev bildirib. Onun sözlərinə görə hansı uşaqlar ki, yayda orqanizmi möhkəmlənir, təbii qidalandırılır, yaxşı qulluq olunur, diqqət göstərilir onlar az-az xəstələnirlər: "Bu hazırlıqları valideynlər görməyəndə xəstəliklər tez-tez olur. Uşaqlar mövsümə uyğun geyinməyəndə soyuqdəymə xəstəliyinə tutulurlar. Yəni, payız, qış mövsümündə hava soyuyanda soyuqdəymə xəstəliyi törədən o virusların təsiri hiss edilir. O viruslar tənəffüs yollarını, burun və udlağı zədələməklə iltihaba səbəb olur. O da daha çox virus mənşəli olur, ona görə də buna kəskin respirator virus infeksiyası deyirlər".

Payız, qış mövsümündən sonra yavaş yavaş bu virusların azalacağını bildirən baş pediatr bildirdi ki, süni qidalanan uşaqlar daha çox xəstələnir: "Hansı uşağa diqqət və qayğı yoxdur, normal geyinmir, yemir o uşaqlar xəstələnir. Uşaq xəstələnir valideyn məktəbə göndərir, orada olan digər uşaqları da yoluxdurur. Bu ilk növbədə valideynlərin uşaqlara münasibətinin nə dərəcədə olması ilə bağlıdır. Allaha şükür ki, Azərbaycanda konkret virus epidemiyası yoxdur".

Virusla xəstələnən uşağa antibiotik vurulmasının məsləhət görülmədiyini deyən həkimin sözlərinə görə, uşağa antibiotikin vurulub-vurulmaması el arasında həll olunmur: "Bunu tibb mütəxəssisi, həkim müəyyən eləməlidir. Hansısa xəstəliklə bağlı uşağa antibiotik lazımdır ya yox, bunu ancaq həkim təyin etməlidir. Ümumiyyətlə ehtiyac olmadığı halda antibiotikdən istifadə eləmək uşağa zərər gətirər. Ancaq tibbi göstəriş olarsa istifadə olunmalıdır ".

Rasim Məmmədli

DİGƏR XƏBƏRLƏR

Top