Əliyar Əliyevin həyat yoldaşı şəhid olduğu gün yaşananları danışıb – VİDEO


Əliyar Əliyevin həyat yoldaşı Pəri Hüseynova, Milli Qəhrəmanın şəhid olduğu gün yaşananları “Xəzər” televiziyasında danışıb.
Yeniavaz.com
xəbər verir ki, o “Vaxt gəldi!” verilişində həmin günü belə nəql edib:
“Getməmişdən qabaq demək olar ki, heç nə danışmadı. Gec gəlmişdi, çörək yedik. Uzandı, mən nəsə narahat oldum, saat 4 ya da 5 olardı, çölə çıxdım. Yuxu görmüşdüm, onu suya danışmaq üçün çölə çıxmışdım. Qapının ağzında gördüm ki, elə bil hər yer alışıb yanır. Bir az durdum, gördüm maşınlardı, gəlib bizim həyətin yanından keçib dağa doğru getdilər. Keçdim içəri, dedi “nə oldu?”. Gördüm o da yatmayıb. Dedim “çoxlu maşın gəlib bizim evin qabağından keçdi”. Dedi “Qrad” gətiriblər”. Ondan sonra nə o danışdı, nə mən. 
Səhər qaraciyəri ağrıdığı üçün ona südlə mannı bişirməyə getdim. Gəldim dedim, “qalxmırsan?” Dedi “qalxıram”. Gəldim gördüm ki, iki qapının arasında düzəltdiyi “turnik”də çəkinir. Əvvəlcə sağından keçib mətbəxə getdim, sonra solundan keçdim. Dedi “başıma niyə dolanırsan?” Dedim “yox, get sənə uğur olsun, dolanmıram”. Ancaq yuxunu gördüyüm üçün, dedim ilahi, Əliyara nə olacaqsa, mənə olsun, mən onun uşaqlarını çətin böyüdəcəm. Əliyara heç nə olmasın, sağ-salamat balalarının yanına qayıtsın. Əsadət də, gəldi, çay-çörək verdim. Yedilər, “vilis”ə oturub getdilər. Ondan sonra mən o yuxuya görə səksəkədə qaldım. Axşam saat 6 olardı, gördüm bizə doğru bir “vilis” gəlir. Dedim yox, bu Əliyarın “vilis”i deyil, kimdirsə, başqa adamdır. Gördüm bir qadın düşdü, üçüncü katib, Ceyran xanım. Gəldi yaxına, dedi “yoldaşısan?” dedim “bəli”. Dedi “Əliyar yaralanıb, qorxma”. Elə bil başıma bir qazan qaynar su tökdülər. Dedim ki, “demə yaralanıb, de ki, həlak olub”. Dedi “həlak olub, gətirillər”. Allah heç kimin başına gətirməsin”.
Qeyd edək ki, Əliyar Əliyevin son döyüşü 1992-ci oktyabrın 3-də Laçının 2 kilometrliyində olub. O Qubadlı rayonunun Qəzyan kəndində dəfn olunub və ona Azərbaycan Prezidentinin sərəncamı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

DİGƏR XƏBƏRLƏR

Top