"Əminlik hissi yoxdursa, heç kəs sərmayə qoymayacaq" - Əkrəm Həsənov

Hüquqşünas, bank sahəsi üzrə ekspert Əkrəm Həsənov "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri"nə dair fikirlərini açıqlayıb. Yeniavaz.com saytı xəbər verir ki, Əkrəm Həsənov deyib ki, 12 xəritədən hələlik yalnız 8-i dərc edilib: "Artıq bunun özü təəccüblü və rəsmi sənədlərin açıqlanması qaydasına ziddir. Ümumi qaydaya görə xəritələrin hamısı Fərmanla birlikdə dərc edilməli idi. Amma tədricən dərc olunur. Görünən odur ki, xəritələrin son redaksiyası hələ də işlənir və işləndikcə işıq üzü görür".

Ekspertin sözlərinə görə, 12 xəritənin biri ümumi, 11-i isə sahəvi xarakter daşıyır: "Ümumən, gələcək inkişafımıza dair vahid sənədin olması yaxşı şeydir. Sənədin adının da "yol xəritəsi" olması pis deyil. Hər bir xalqın mentaliteti yol mədəniyyətində özünü bariz göstərir. Məsələn, Bakının küçələrinin indiyədək normal xəritəsi yoxdur. Küçələrdə və binalarda istiqamətləndirici nişan və göstəricilər də bir çox halda yoxdur. Yol-hərəkəti qaydalarını isə kütləvi pozuruq: sürücülər də, piyadalar da. Bütün bunlar onun göstəricisidir ki, "oyun qaydaları"na riayət etmək ənənələrimiz zəifdir. Yəni qanunun aliliyi prinsipi bizə yaddır, hüquqi dərəbəylik baş alıb gedir. Müasir dünyada isə iqtisadi inkişaf ilk növbədə nə təbii sərvətlərdən, nə də bu kimi digər resurslardan deyil, hüquqi mühit və institutların işləməsindən asılıdır. Çünki sahibkar yalnız qoyduğu sərmayənin və mülkiyyətinin toxunulmazlığına, bağladığı müqavilələrin icrasına, "oyun qaydaları"nın (vergi və s.) dəyişməyəcəyinə əmin olduğu ölkədə fəaliyyət göstərir, özü də qazanır, həmin ölkəyə də qazanc verir. Sözügedən Xəritəyə də məhz bu prizmadan yanaşmaq lazımdır. Əlbəttə, tarixə baxış, mövcud post-neft dövrünün təhlili, statistik məcmuə, qarşıda duran məqsədlərin bəyanı nöqteyi-nəzərindən bu Xəritə çox faydalıdır və sənədin yarıdan çoxu elə bundan ibarətdir.

Birinci və ümumi olan xəritəyə 3 dövrü (2020-ilədək, 2025-ci ilədək və 2025-ci ildən sonra) əhatə edir. Təəssüf ki, sənəddə konkretlik azdır. Ümumən 4 hədəf müəyyən olunur:

1) fiskal dayanıqlığın gücləndirilməsi və davamlı monetar siyasət (yəni dövlətin vergi və pul siyasətinin hansısa yeni modeli, amma konkret necə olacaq deyilmir);

2) özəlləşdirmə və dövlət müəssisələri ilə bağlı islahatlar (yəni dövlət müəssisələri əsasən özəlləşdiriləcək, qalanlarını isə yeni modellə idarə edəcək, amma necə sualına yenə cavab yoxdur);

3) insan kapitalının inkişafı (yəni təhsilin və əmək məhsuldarlığının yüksəldilməsi, amma buna da necə nail olunacağı açıqlanmır);

4) əlverişli biznes mühitinin inkişafı (yəni sahibkarlığa şərait, amma konkret mexanizmlər yenə də yoxdur).

Sənəd çox ambisiyalı və qeyri-təvazökardır. Kiçik ölkəmizin Napoleon sayağı planları var. Az qala dünyada məlum olan bütün sahələr bizdə də yüksək səviyyəyə çatdırılacaq, özü də 10 il ərzində. Əlbəttə, istəsək, çox şeyə nail ola bilərik, amma bu qədəri bir qədər...

Özü də istəyimizin gerçəkləşməsinin vacib şərti bu sənəddə yoxdur. Söhbət hüquqi islahatdan gedir. Sənədin 42-ci səhifəsinə iki cümlə ilə deyilir ki, məhkəmə-hüquq islahatları davam etdiriləcək. Sənədin sonundakı "Tədbirlər planı"nda isə bu barədə ümumiyyətlə, heç nə deyilmir (yeri gəlmişkən, həmin planda Ədliyyə Nazirliyinin rolu da demək olar ki, görünmür). Yəni sənədin müəllifləri bu məsələni əhəmiyyətli hesab etmir. Halbuki, başlıca məsələ məhz budur. Qısa müddətdə uğur qazanmış ölkələr (Sinqapur, Gürcüstan və s.) məhz bundan başlayıb. Nə proqram yazırsan yaz, sahibkarlara və investorlara nə bəyan edib söz verirsən ver, amma normal hüquqi mühit, əminlik hissi yoxdursa, heç kəs ölkəyə sərmayə qoymayacaq. Sənədə ümumiyyətlə hüquqi yanaşma yaddır. Hüquqi termin səhvləri də var. Sənəddə bir neçə dəfə vurğulanır ki, bizdə "inklüziv iqtisadiyyat" qurulacaq. Heç görəsən, sənədin müəllifləri bunun mənasını bilirlər? Bilirlərsə, hüquq sistemini inkişaf etdirmədən buna necə nail olacaqlar?

Xəritədə digər vacib məsələləri də görmədim. Məsələn, kapital amnistiyasından, habelə gəlir və xərclərin bəyan edilməsindən heç nə deyilmir. Oğurlanmış və rüşvətlə qazanılmış pulları dövriyyəyə qaytarmasaq, inklüziv və şəffaf iqtisadiyyatı necə quracağıq? Dövlət orqanlarının və məmurların da ixtisarı haqda heç nə deyilmir. Halbuki, sənəddə dövlətin iqtisadiyyatdakı rolunun azaldılması və sahibkarlığa geniş yer veriləcəyi bəyan edilir. Bu qədər məmur ordusu sahibkara heç nəfəs almağa imkan verməyəcək axı! Dövlət büdcəsinin bütün səviyyələrdə icrasının elektron şəkildə vaxtaşırı açıqlanması barədə də heç nə yoxdur. Bəs korrupsiya ilə mübarizəni necə aparacağıq? Nə isə, sual və boşluqlar çoxdur".

Ekspert qeyd edib ki, yekunda hökumətə təkliflər paketini təqdim edəcək: "Bu sənədlər xeyli təkmilləşdirilməli, əlavə edilməli və dəqiqləşdirilməlidir. Əks halda, pulumuz da gedəcək, xeyri də olmayacaq"...

Nicat

DİGƏR XƏBƏRLƏR

Top