Başa çatmaqda olan 2016-cı il Azərbaycan üçün hərbi baxımdan uğurlu aprel döyüşləri ilə yadda qaldı. Bu baxımdan əksər yerli və xarici hərbi ekspertlər 2017-ci ildə Qarabağ münaqişəsinin yenidən alovlana, aprel döyüşlərinin təkrarlana biləcəyi barədə fikirlər səsləndirirlər. Bəs 2017-ci ildə cəbhə xəttində müharibənin yenidən alovlanması ehtimalı məntiqi baxımdan nə qədər ağlabatan hesab edilə bilər? Bununla əlaqədar "Yeniavaz.com"un sualına cavabında hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov tərəflər arasında sülh sazişi imzalanana kimi bölgədə müharibənin istənilən an başlaya biləcəyini söylədi. Üzeyir Cəfərov: "2016-cı ildə cəbhə xəttində aprel döyüşləri erməni tərəfinin təxribatı nəticəsində baş verdi. Azərbaycan ordusu düşmənə ağır cavab zərbəsi endirərək ərazilərimizin müəyyən hissəsini azad etdi. Əgər Rusiya məsələyə müdaxilə etməsəydi, onda ordumuz ən azı 7-8 rayonu azad edəcəkdi. Aprel döyüşləri göstərdi ki, Azərbaycan ordusu işğal altında olan torpaqları azad etməyə qadirdir. Aprel döyüşlərindən sonra ağır məğlubiyyətə uğrayan Ermənistan Rusiyadan aldığı "İsgəndər" raketlərinə arxalanaraq yenidən cəbhədə təxribatlara əl atmaqda davam edir. Ona görə də belə hesab edirəm ki, Ermənistan tərəfi cəbhə xətində təxribatları davam etdirəcəyi təqdirdə münaqişə yenidən alovlanacaq. Hər halda 2017-ci il münaqişə bölgəsində gərgin il olacaq. Amma Azərbaycan ordusu hazırda qarşısına qoyulan istənilən hərbi vəzifəni yerinə yetirməyə qadirdir. Belə hesab edirəm ki, müharibə yenidən başlayacağı təqdirdə Ermənistan Azərbaycan ordusunun daha ağır zərbələrinə məruz qalacaq",-dedi.
Əziz Mustafa