"Əhalinin böyük hissəsinin imkanı özlərini güclə dolandırmağa çatır"

2017-ci il üçün yaşayış minimumu ölkə üzrə 155 manat, əmək qabiliyyətli əhali üçün 164,5 manat, pensiyaçılar üçün 130,2 manat, uşaqlar üçün 136,6 manat, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarının həddi isə 116 manat məbləğində müəyyən edilir. Bəs manatın durmadan dəyərini itirməsi fonunda yaşayış minimumu və ehtiyac meyarı üçün müəyyən edilən məbləğlər yaşayış üçün yetərli olacaqmı?

Məsələ ilə əlaqədar "Yeniavaz.com"un sualına cavabında tanınmış ekspert Azər Mehdiyev yaşayış minimumu və ehtiyac meyarının həddinin Nazirlər Kabineti tərəfindən müəyyən edildiyini söylədi. Azər Mehdiyev: "Hər ilin sonunda bu məsələ gündəmə gəlir və müəyyən edilən yaşayış minimumu və ehtiyac meyarının həddi çoxsaylı müzakirələrə səbəb olur. Bu baxımdan mən Nazirlər Kabinetinin hansı meyarlar əsasında yaşayış minimumu və ehtiyac meyarınının həddini müəyyən etdiklərini söyləməkdə çətinlik çəkirəm. Ancaq ilk baxışdan da aydındır ki, qiymətlərin durmadan artmaqda davam etdiyi bir vaxtda rəsmi şəkildə müəyyən edilən yaşayış minimumu və ehtiyac meyarının həddi heç də yetərli olmayacaq. Çünki Azərbaycanda əhalinin böyük hissəsinin imkanı özlərini güclə dolandırmağa, ərzaqa olan ehtiyaclarını aşağı səviyyədə ödəməyə ancaq çatır. Bura ərzaq məhsullarının xaricdən gətirildiyini və onun qiymətlərinin durmadan artdığını nəzərə alanda, təbii ki, müəyyən edilən yaşayış minimumu və ehtiyac meyarı ilə dolanmaq olduqca çətin olacaq. Belə hesab edirəm ki, qiymətlərin durmadan artması minimum ehtiyac meyarı həddinə yenidən baxılmasını zəruri edir",-dedi.

Əziz Mustafa

DİGƏR XƏBƏRLƏR

Top