Oktyabrın 17-də Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini ağır artilleriya silahlarından atəşə tutması nəticəsində 13 nəfər həlak olub, 48 nəfər yaralanıb.
Yeniavaz.com xəbər verirki, Gəncədə hadisənin baş verdiyi bölgədə yaşayan sakinlər “AA” müxbirinə danışıb.
Sakinlər bildiriblər ki, 11 oktyabrda ilk dəfə raket atılanda düşündük ki, qisaslarını aldılar, Gəncəni bir daha vurmayacaqlar, ancaq səhv etdik:
"Onlar qorxu yaratmaq və xaosa səbəb olmaq istəyirlər. Şəhərdən çıxacağımızı düşünürlər, amma bu heç vaxt olmayacaq. Ermənistan müharibə cəbhəsindəki məğlubiyyətlərinin qisasını almaq üçün asan yol seçərək öz torpaqlarından şəhərlərimizə hücumlar təşkil edirlər”.
Raketin atıldığı ərazidə yaşayan İlham Əbilov hadisəni belə xatırlayır:
"Saat 01:00 radələrində partlayış səsi gəldi. Evlər başımıza uçdu. Hücumdan sonra 5 dəqiqə ərzində heç kimdən səs çıxmadı. O saatda hər kəs yatmışdı. Yuxuda olduğumuz zaman bir terror hücumuna məruz qaldıq. Bir müddətdən sonra qışqırıq səsləri gəldi. Mən də şokdaydım. Evlərin uçması səbəbindən hər yerdə toz var idi”.
“AA” xəbər agentliyinin müxbirinin yazdığına görə, 14 yaşlı qızı (Ləman Rəhimova) dağıntılar altında qalan Vəfa Rəhimova ağlayaraq, "qızım, xahiş edirəm anana səs ver. Allahım mənim balamı bağışla", deyərək xoş xəbər gözləyirdi. Ana Vəfa Rəhimova hadisəni belə xatırlayır:
"Ləmanla birlikdə yatdıq. Amma o dağıntılar altından çıxa bilmədi”.
Hadisə nəticəsində evinə ciddi ziyan dəyən və yüngül yaralanan Kamil Abbasov bildirib ki, ermənilərin Ordumuzu və əsgərlərimizi hədəf almağa gücü yoxdur, buna görə də mülki insanları hədəf alırlar.