Prezident: “Ermənistanın niyyəti vaxt qazanmaq və öz hücumlarını davam etdirməkdir”


“Moskva müzakirələrinin uzun çəkməsinin səbəbi o idi ki, bizə məqbul olmayan bəzi maddələr o açıqlamaya salınmalı idi, bizim bundan xəbərimiz yox idi”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin “Habertürk” televiziya kanalına verdiyi müsahibəsi zamanı deyib. O bildirib ki, danışıqlar prosesi bərpa edilərsə Azərbaycan torpaqlarının qaytarılması ilə bağlı təqvim veriləcək: “Bizim Xarici İşlər nazirimiz Moskvaya gələndə və müzakirə masasına oturanda hər iki nazirə təkliflər verildi. Təbii ki, mənimlə əlaqə saxlanıldı və müntəzəm olaraq biz əlaqədə idik. Mən bizim şərtlərimizi demişdim. O şərtlərdən başqa hər hansı bir razılaşma mümkün deyildi. Ona görə biz vəziyyəti nəzərə alaraq təqvimlə əlaqədar mövqeyimizi bir qədər dəyişdik. Ancaq o demək deyil ki, bu təqvim olmayacaq, olacaq, ancaq nə zaman, müzakirə prosesi çərçivəsində. O açıqlamada göstərildi ki, müzakirələr bərpa edilir. Təməl prinsiplər əsasında, yəni Madrid prinsipləri, o da Azərbaycan torpaqlarının Azərbaycana qaytarılmasını təmin edir. Eyni zamanda danışıqlar formatı dəyişməz olaraq qalır, yəni ki, Ermənistan və Azərbaycan arasında aparılacaq. Hər hansı bir dırnaqarası Dağlıq Qarabağ nümayəndələrinin bu danışıqlarda iştirakından söhbət gedə bilməz. Bu bizi qane etdi. Bizim təxminimiz bundan ibarət idi ki, artıq dərhal danışıqlar başlasın və təqvim bu danışıqlar çərçivəsində bizə təqdim edilsin. Bu təqvim bizi qane etməlidir. Və bu proses uzunmüddətli ola bilməz. Artıq Azərbaycan xalqının səbri tükənibdir. Və əminəm ki, əgər danışıqlar bərpa edilərsə bu təqvim bizə veriləcək. Ancaq Ermənistanın bu müqaviləni pozması göstərir ki, onların niyyəti sadəcə olaraq vaxt qazanmaq və Azərbaycana öz hücumlarını davam etdirməkdir”.
 

DİGƏR XƏBƏRLƏR

Top