Görüşün 11 saat davam etməsinin səbəbi - Nazir açıqladı​


Oktyabrın 10-da Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov və Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev brifinq keçiriblər.
Ceyhun Bayramov Moskva danışıqlarının 11 saat davam etməsinin səbəbini Ermənistanın mənasız tələblərlə çıxış etməsiylə əlaqələndirib:
“Bu tələblər o qədər mənasızdır ki, bunun üzərində dayanmağa dəyməz”.
Ceyhun Bayramov 9 oktyabrda baş tutan Moskva anlaşmasına toxunaraq deyib: “Birinci şərt ondan ibarətdir ki, Ermənistan tərəfi bu sənəddə humanitar atəşkəslə yanaşı, münaqişənin baza prinsiplərinin yenidən təsdiq edilməsi və atəşkəs təmin edildikdən sonra dərhal baza prinsiplər üzərində substantiv danışıqların aparılması öhdəliyini öz üzərinə götürdü. Bu, o prinsiplərdir ki, Ermənistan tərəfi son 1 ildə bunları rədd edir. Eyni zamanda, son vaxtlar yeni şərtlər irəli sürürdü və s. Onların arasında ən qıcıq yaradan Azərbaycanın artıq Ermənistanla deyil, dırnaqarası qurumla – “Dağlıq Qarabağ Respublikası” ilə danışıqların aparılması iddiası idi. Bu sənəddə də qeyd olundu ki, danışıqlar prosesinin formatı dəyişməz qalır. Bu, o deməkdir ki, burada tərəflər Azərbaycan və Ermənistandır”.
Nazirin sözlərinə görə, Ermənistan tərəfindən hər hansı ciddi addımlar atılmasa, hərbi əməliyyatlar bərpa oluna bilər.
Ceyhun Bayramov əlavə edib ki, bu gün saat 12:00-dən atəşkəs təmin edilməli idi, ancaq Ermənistan tərəfi yenə buna əməl etməyib: “Hazırda da hərbi əməliyyatlar davam edir. Ermənistan Moskvada imzalanan sənədin tələblərinə əməl etmir və müvəqqəti atəşkəsin elan olunmasına baxmayaraq, hərbi əməliyyatlar davam edir”.
“Azərbaycanın döyüş meydanında əldə etdiyi qələbələr özünün diplomatik müstəvidə bizə əlavə üstünlük verməkdədir. Bu, bəyanatın üçüncü və dördüncü bəndində özünü əks etdirib”,- bu açıqlamanı da Ceyhun Bayramov səsləndirib.
Həmsədr ölkələrin münasibətinə gəlincə, nazir deyib ki, Azərbaycan bütün həmsədr ölkələrlə sıx işləməlidir:
“Azərbaycan Fransanın birtərəfli, qərəzli şəkildə Ermənistanı dəstəkləməsinə öz mövqeyini bildirib. Bu kimi hallara mövqeyimizi bildirməli, dialoqdan qaçmamalıyıq. Ədalətli sözü çatdırmaq nə qədər çətin olsa da, buna nail olmaq mümkündür. Rusiya Azərbaycana qonşu ölkədir. Rusiya ilə strateji münasibətlərimiz var. Son 10 gün ərzində Rusiya tərəfindən Azərbaycan və Ermənistana balanslaşdırılmış münasibətin şahidi olduq, neytral mövqe qorunub saxlandı. Rusiya münaqişənin qısa müddətdə dayandırılması çağırışlarını edir və biz bunu normal qəbul edirik”

DİGƏR XƏBƏRLƏR

Top