Məşhur erməni bloqer Tiqran Köçəryan Ermənistanın baş naziri Nikol Paşinyanı sərt tənqid edib.
Yeniavaz.com xəbər verir ki, o bu barədə http://pigh.tv/?p=13 səhifəsində yazıb. T.Köçəryan Rusiyanın artıq Ermənistanı dəstəkləmədiyini qeyd edərək, Ermənistanın Dağlıq Qarabağ savaşında uduzmasının tək günahkarının N.Paşinyan olduğunu bildirib: “ Uzun müddət susdum, amma artıq dözə bilmirəm! Bir çox tanışlarım cəbhədən pis xəbər alır. Rus hərbçilərinin artıq Stepanakertdə (Xankəndi – red.) olduğu və köməyə gəldikləri barədə şayiələr yaydılar. Bu yalandır. Paşinyan sayəsində Rusiya bitərəfdir. Hazırda Qarabağın cənubunda (Füzuli-Cəbrayl istiqaməti nəzərdə tutulur - red.) döyüşən dostumun dediyinə görə, yaralıları daşımaq üçün maşınlar çatışmır. Buna görə də, əsgərlərin çoxu ölür. Cəbhənin şimal tərəfində (Ağdərə istiqaməti nəzərdə tutulur - red.) isə döyüşlərə cəlb olunmuş muzdlular Azərbaycanın artilleriya həmləsinə tab gətirə bilmir. Ermənistan buna hazır deyildi”.
Bundan başqa T. Köçəryan Ermənistanın baş naziri Nikol Paşinyanı Gəncəni vurmaq əmrini verməkdə ittiham edib: “Qarabağın həm şimalını, həm də cənubunu itirdik. Paşinyan isə hələ də, sona qədər mübarizə aparacağımızı elan edir. Şəxsən mən belə mübarizəni pis sonluqla görürəm”.
Qeyd edək ki, oktyabrın 4-də Gəncənin Ermənistan ərazisindən raket atəşinə tutulması nəticəsində 1 mülki şəxs həlak olub, 32 nəfər yaralanıb.