Rusiya, ABŞ, Fransanın ortaq bəyanatına deputatdan reaksiya: “Belə bəyanatlar hələ çox olacaq”


Xəbər verdiyimiz kimi, 27 sentyabr səhər saatlarında Ermənistanın təxribatçı hücumlarından sonra Azərbaycan əks-hücuma keçib və ordumuz torpaqlarının tam azad olunması istiqamətində döyüşlərə başlayıb. Dünən Fransa prezidenti Emmanuel Makron, Rusiya prezidenti Vladimir Putin, ABŞ prezidenti Donald Tramp birgə bəyanat yayaraq Azərbaycan və Ermənistanı dərhal və şərtsiz danışıqlara qayıtmağa çağırdılar. Bu gün isə Ermənistanın baş naziri Nikol Paşinyan bir çox beynəlxalq təşkilatlardan, böyük dövlətlərdən Azərbaycanı dayandırmaq üçün kömək istədi.
Putin, Tramp, Makron üçlüyünün yaydığı bəyanat 30 ildir işğal altında olan Azərbaycan torpaqlarının azad edilməsi üçün başlayan müharibədə nə qədər təsirli olacaq?
Mövzu ilə bağlı millət vəkili Vahid Əhmədovla danışdıq.
Vahid Əhmədov Yeniavaz.com-a açıqlamasında bildirdi ki, o cür bəyanatlar hələ çox veriləcək, məqsəd bəyanatları şərh etmək yox, işğalda olan torpaqları azad etməkdir:
“Belə müzakirələr mətbuatda da gedir, bu gün Milli Məclisdə də gedib. Milli Məclisin sədri Sahibə Qafarova da qeyd elədi ki, əsas məqsədimiz torpaqlarımızı axırıncı metrə qədər azad etməkdir. Dövlət başçısının da bununla bağlı iradəsi var. Ona görə də mən belə hesab edirəm ki, heç nəyə baxmaq lazım deyil. Kim nə bəyanat verir, kim nə danışır, bunlara baxmadan biz torpaqlarımızı azad etməliyik. O yerləri faktiki olaraq düşməndən, narkomanlardan təmizləməliyik. Müharibəni də 27 sentyabr səhər saat 6-da ermənilər başlayıb. Bundan əvvəl cənab prezident 10 gün bütün dünyaya car çəkdi ki, ermənilər müharibəyə hazırlaşır. Onda heç kim dillənmədi. İndi Azərbaycan öz torpaqlarını azad etmək üçün əks həmlə hücumlarına başlayan kimi deyirlər ki, masaya oturmaq lazımdır, danışıqlar lazımdır və sair. Heç bir danışıq masasına ehtiyac yoxdur”.
Millət vəkili bildirdi ki, Azərbaycan o vaxt danışıq masasına otura bilər ki, ermənilər heç bir şərt qoşmadan torpaqlarımızdan çıxsınlar:
“Makron, Putin, Tramp hələ çox bəyanat yayacaqlar. Bizim dövlətimiz, hökumətimiz artıq qərarını verib, siyasi iradəsini ortaya qoyub. Bizimlə bir yerdə olan qonşu Türkiyə dövlətinin rəhbərliyi də artıq öz sözlərini deyib. Biz torpaqlarımızı son metrinə qədər azad etdikdən sonra danışıqlar masasına otura bilərik.
Bu bəyanatın verilməsində əsas rolu ermənipərəst Fransa dövlətinin başçısı Emmanuel Makron olub. Bu üç dövlət ATƏT-in Minsk qrupunun üzvləridir. Bu 3 dövlət 25 il atəşkəsdə heç bir addım atmadılar.
Hzırda Azərbaycan əhalisi yüksək əhval-ruhiyyədədir, böyük səfərbərliklər var, bizim heç bir problemimiz yoxdur".

Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top