Ekologiya Nazirliyindən 169 min manatlıq tenderlə bağlı AÇIQLAMA


Xəbər verdiyimiz kimi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) nəzdində fəaliyyət göstərən “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyəti (“Azəryaşlandşaft” ASC) tərəfindən keçirilən 168 min 890 manat dəyərində tender müsabiqəsinin qalibi  4 ay əvvəl – 15.05.2020-ci il tarixində dövlət qeydiyyatına alınan “United Procurement Chain” MMC olub. Yeniavaz.com xəbər verir ki, keçirilən tender müsabiqəsinə  ETSN-nin satınalmalar sektorunun müdiri Nəsib Orucov aydınlıq gətirib.
O bildirib ki, “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC tərəfindən “Kimyəvi maddələrin satın alınması” müsabiqəsi 11 sentyabr 2020-ci il tarixində elektron satınalma metodu vasitəsilə açıq tender üsulu ilə keçirilib: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 50-1.1-ci maddəsinə uyğun olaraq keçirilmiş müsabiqədə yalnız mikro, kiçik, orta sahibkarlıq subyektləri iştirak edə bilər. Bu baxımdan tenderdə yeni yaranmış şirkətlərin iştirak etməsində heç bir məhdudiyyət qoyula bilməz”.
N.Orucovun sözlərinə görə müsabiqəyə portal vasitəsilə beş iddiaçı şirkət tərəfindən tender təklifi təqdim olunub: “Qiymətləndirmə nəticəsində ən aşağı qiymət təklifi verən və ən az müddətdə müqavilənin yerinə yetirilməsi üzrə öhdəlik götürən “United Procurement Chain” MMC qalib müəyyən edilib”.
N.Orucov onu da bildirib ki, bu məsələ ilə bağlı hər hansı suallar yaranarsa əlavə məlumat verməyə hazırıq.
 

DİGƏR XƏBƏRLƏR

Top