
Mingəçevirdə 1176 yerlik 16 saylı orta məktəb əsaslı təmirdən sonra istifadəyə verilib.
Yeniavaz.com xəbər verir ki, Təhsil nazirinin müşaviri Elnur Nəsibov, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Mingəçevir Təhsil şöbəsinin müdiri Sahib Məmmədov və məktəbin direktoru Sevinc Həsənova Səməd Vurğunun adını daşıyan təhsil ocağının təmirdən sonrakı vəziyyəti ilə yaxından tanış olublar. Məktəb 1985-ci ildə inşa edilsə də yararsız vəziyyətə düşmüşdü. Elə bu səbəbdən ötən tədris ilində məktəb təmirə dayanıb. Aparılan təmir-bərpa işlərindən sonra təhsil ocağının siması tam dəyişib. Məktəb müasir avadanlıqlar, istilik sistemi ilə təhciz edilib.
Məktəbin direktoru Sevinc Həsənova bildirdi ki, yeni tədris ilində burada 31 sinif, 3 məktəbəqədər hazırlıq qrupunda 713 şagird təhsil alacaq: “1176 yerlik məktəb binası idman zalı, yeməkxana, kitabxana, oxu zalı, informatika və fənn kabinetləri və geniş sinif otaqlarından ibarətdir. 713 şagird hər cür şəraiti olan gözəl məktəbdə təhsilini davam etdirəcək, 60 pedaqoji heyət onların təhsili ilə məşğul olacaq. Əminəm ki, müasir standartlara cavab verəcek məktəbimizdə respublikamızın gələcəyi olan savadlı, bilikli, hərtərəfli inkişaf etmiş gənclər yetişdiriləcəkdir”.
Qeyd edək ki, məktəb binasının yenidən qurmadan sonra istifadəyə verilməsi şagirdlər və müəllimlərlə yanaşı, valideynləri də sevindirib.



Esmira Hidayətova, Mingəçevir
Tətbiqimizi yükləyə bilərsiniz