Öz buğdamız kifayət qədərdirsə, niyə xaricdən alırıq?

Dünən Sahibkarların Regional Palatasında Qərbi Qazaxıstanın biznes nümayəndələri ilə Azərbaycan heyəti arasında görüş keçirilib. Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov bildirib ki, biz taxılıçılıq sahəsində Qazaxıstanla yaxından əməkdaşlıq edirik: “Hər il Qazaxıstandan taxıl alırıq. Bu il Qərbi Qazaxıstan regionundan 1 milyon tondan çox taxıl alacağıq”. Qazaxıstandakı səfirimizin açıqladığı bu rəqəm onu göstərir ki, Azərbaycan taxıla görə ciddi şəkildə idxaldan asılıdır. Əslində Dövlət Gömrük Komitəsinin açıqladığı rəqəmlər də onu göstərir ki, ölkəyə böyük həcmdə buğda idxal olunur. Məsələn, bu ilin ilk 9 ayının rəqəmləri göstərir ki, xaricdən 1 milyon 121 min ton buğda gətirilib. Nəzərə alsaq ki, bu qədər məhsul ilin ilk 9 ayı ərzində idxal olunub, o zaman ilin sonuna kimi ölkəyə gətiriləcək buğdanın həcminin bir qədər də artacağı gözlənilir. Üstəlik bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 14% artıb. Təkcə 9 ay ərzində idxal olunan buğda bu məhsula olan daxili tələbatın 66%-ni ödəyir.

Son 5 il ərzində istehsal olunan taxılın həcmi daxili təlabatı ödəyəcək səviyyədədir

Xatırlayırsınızsa, bir qədər əvvəl Kənd Təsərrüfatı Nazirliyi Aparatının Bitkiçilik Şöbəsinin müdiri İmran Cümşüdov azərtac-a müsahibəsində bildirmişdir ki, Azərbaycanda buğdaya olan illik tələbat 1,7 milyon tondur. Dövlət Statistika Komitəsinin açıqladığı sonuncu məlumatına görə, bu ilin ilk 9 ayı ərzində 961,6 min hektar əkin sahəsinin 959,6 min hektarı biçilib və həmin sahələrdən 2 milyon 836,3 min ton taxıl götürülüb. Ötən illərin statistik göstəriciləri onu deməyə əsas verir ki, istehsal olunan taxılın təxminən 55-60%-ni buğda təşkil edir. Bu isə o deməkdir ki, bu il üçün ölkədə 1,7 milyon tona yaxın buğda istehsal olunacaq və daxili təlabatı tamamilə ödəyəcək.

Qeyd edəkki, Prezidentinin 2008-ci il 25 avqust tarixli 3004 nömrəli Sərəncamı ilə təsdiqlənən “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nında da qeyd olunur ki, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatını daxili istehsal hesabına tam şəkildə təmin etmək üçün illik taxıl istehsalı 2,8 milyon tona çatdırılmalıdır.

Məlumat üçün onu da qeyd edək ki, son 5 il ərzində istehsal olunan taxılın həcmi daxili təlabatı ödəyəcək səviyyədədir, yəni 2,8 milyon tondan yüksəkdir.

Rəsmi şəxslərin açıqlamalarına, o cümlədən Statistika və Gömrük Komitələrinin rəqəmlərinə baxdığımız zaman ortaya maraqlı sual çıxır: əgər ölkədə buğdaya olan tələbat daxili istehsal hesabına ödənilirsə, o zaman hansı səbəbdən xaricdən böyük həcmdə buğda idxal olunur? Nəzərə almaq lazımdır ki, idxal olunan buğda üçün iri məbləğdə valyuta ölkədən xaricə çıxarılır. Təkcə bu ilin ilk 9 ayında idxal buğdası üçün 208,4 milyon dollar vəsait ödənilib.

Aydın məsələdir ki, bu qədər məhsulu heç Taxıl Fondunda da saxlamaq olmaz. Məlum olduğu kimi, Taxıl Fondunda ölkənin 2 aylıq ehtiyacı qədər ehtiyat saxlanmalıdır. Bu barədə Nazirlər Kabinetinin qərar da var. Buğdaya iki aylıq ehtiyacımız isə təqribən 260-270 min tondur.

Ölkədə hər il 600-700 min ton həcmində ehtiyacdan artıq buğda mövcud olur

Açıqlanan rəqəmlərdən belə görünür ki, ölkədə hər il 600-700 min ton həcmində ehtiyacdan artıq buğda mövcud olur. Onu da qeyd edək ki, bu cür vəziyyət təkcə bu il üçün keçərli deyil. Ötən illərdə də analoji vəziyyət müşahidə olunub. Belə bir vəziyyətin hansı səbəbdən ortaya çıxdığı barədə müxtəlif iddialar var. Bu mövzu zaman-zaman mətbuatın da gündəmində yer alıb. İddialara görə, belə bir vəziyətin ortaya çıxmasında əsas səbəb odur ki, yerli istehsalın həcmi şişirdilir. Yəni Statistika Komitəsinin açıqladığı 961,6 min hektar əkin sahəsi və 2,83 milyon ton taxıl real rəqəmləri əks etdirmir. Sahələrdən yığılan buğdanın real həcmi açıqlanan rəsmi rəqəmlərdən azdır. Buna əsasi kimi isə fermerlərə verilən subsidiyalar göstərilir. Bildiyimiz kimi Azərbaycanda fermerlərə əkin sahələrinin və çoxillik əkmələrin becərilməsində istifadə edilən yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına hər hektara 50 manat, habelə buğda və çəltik əkininə görə əlavə 40 manat məbləğində subsidiya ödənilir. Bu isə o deməkdir ki, taxıl əkən hər fermerə büdcədən 90 manat yardım edilir. Təkcə bu il taxıl əkininə görə fermerlərə 86 milyon manat subsidiya ödənilib. İddia olunur ki, əkin sahələrini süni şəkildə - kağız üzərində artırmaqla büdcədən ayrılan vəsait mənimsənilir ki, nəticədə yazının əvvəlində qeyd etdiyimiz 600-700 min ton həcmində ehtiyacdan artıq buğda ortaya çıxır.

Xatırlayırsınızsa, bir-neçə il əvvəl Maliyyə Nazirliyi subsidyaların verilməsində nöqsanların və bir sıra rayonlarda yerli icra hakimiyyəti orqanlarının müdaxiləsinin olduğunu aşkara çıxarmışdı. Hazırda Kənd Təsərrüfatı Nazirliyi bu sahədə şəffaflığı təmin etmək üçün subsidya alan fermerlərin siyahısını dərc edir və bunu ictimaiyyətə açıqlayır. Ancaq mütəxəssislər bu addımın bu sahədə neqativ halların qarşısını almağa kifayət etmədiyini bildirirlər.

Bu iddianın doğru oldub-olmadığını deyə bilmərik. Amma açıqlanan rəsmi rəqəmlərə istinadən deyə bilərik ki, ölkədə ehtiyacımızdan artıq buğda mövcud olur və bu buğdanın harda saxlanıldığı, necə istifadə olunduğu heç kimə məlum deyil... Ümid edirik ki, rəsmi qurumlar bir araya gələrək yerli istehsal, idxal və daxili təlabatla bağlı açıqlanan rəqəmlər arasındakı ziddiyyətli məqamlarda “ortaq məxrəcə” gələcəklər.

Allahverdi Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top