Putin və Lavrov Serbiya Prezidentindən üzr istəyib


Rusiya Prezidenti Vladimir Putin və Xarici İşlər naziri Sergey Lavrov Serbiya prezidentindən üzr istəyiblər.

Yeniavaz.com "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç açıqlama yayıb. Vuçiç Putinlə çox xoş telefon danışığı baş tutduğunu bildirib: "Rusiya Prezidenti və XİN rəhbəri heç vaxt, heç bir şeyə görə məndən üzr istəməyiblər, amma Mariya Zaxarovanın məlum postuna görə, bunu etdilər. Düşünürəm ki, Zaxarovanın yersiz postundan sonra Rusiya dövlətinin şəxsən mənə və Serbiyaya olan hörmətini hamı görə bildi".

Vuçiç rus həmkarı ilə telefon danışığı zamanı məsələnin onun tərəfindən dilə gətirilmədiyini də vurğulayıb: "Onu da qeyd edim ki, bir tərbiyəli insan kimi mən bu məsələni müzakirəyə açmazdım. Münasibətlərimiz çox yaxşıdır, bu, mənim üçün əhəmiyyətsiz və ötəri bir hadisədir".

Xatırladaq ki, Serbiya Prezidentinin Trampla görüşü zamanı çəkilən bir fotonu Rusiya XİN rəsmisi Mariya Zaxarova "Facebook" səhifəsində özünəməxsus şəkildə şərh edib. O, Vuçiçi məşhur “Əsas instinkt ” filmində baş rolun ifaçısı Şeron Stouna bənzətmişdi.

DİGƏR XƏBƏRLƏR

Top