"Xarici ticarətdə dollardan imtina etmək heç bir perspektivə söykənmir"

Son günlər müxtəlif ölkələr, o cümlədən Rusiya, Türkiyə, İran və digər dövlətlər tərəfindən dollardan imtina edilərək milli valyutalarla alış-verişə keçilməsinin vacibliyi məsələsi tez-tez gündəmə gəlir. Bu gün Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin gömrük və ticarət naziri Hüseyn Tüfenkçi də mətbuata verdiyi açıqlamasında iki qardaş ölkə arasında qarşılıqlı ticarətdə milli valyutalara keçidin vacibliyini bildirərək bunun iqtisadi artıma yardım edəcəyini vurğulayıb. Bəs doğrudanmı dollardan imtina edilərək xarici ticarət sahəsində milli valyutalarla alış-verişə keçilməsi iqtisadi baxımdan effektli ola bilər? Bununla əlaqədar "Yeniavaz.com"un sualına cavabında tanınmış iqtisadçı ekspert Vüqar Bayramov xarici ticarət sahəsində milli valyutalarla alış-verişə keçirilməsinin iqtisadi baxımdan səmərəli ola bilməyəcəyinə diqqqəti cəlb edib. Onun sözlərinə görə hazırda dünya ölkələri arasında olan ticari münasibətlərin 80-90 faizi dollarla aparılır və iqtisadi baxımdan inkişaf etmiş dövlətlərin milli valyutaları belə onunla rəqabət aparmağa qadir deyillər. Vüqar Bayramov: "Milli valyutalarla alış-veriş məsələsi hazırda ən çox dollara münasibətdə müəyyən problemlər yaşayan ölkələr tərəfindən gündəmə gətirilir. Amma bəri başdan deyim ki, xarici ticarətdə milli valyutalarla alış-veriş heç bir perspektivə söykənmir. Buna da səbəb hər bir ölkənin dollara olan böyük tələbatıdır. Üstəlik dünya ticarətinin böyük hissəsinin dollarla aparıldığını nəzərə alsaq, onda 10-15 ölkənin milli valyutalarla alış-verişi yalnız qısa müddət davam edə bilər. Çünki onlar istəslər də, istəməsələr dollarla alış-verişə üstünlük verən digər ölkələrlə ticari əlaqələrə girməyə məcburdurlar. Bu da onların dollara olan tələbatlarının hansısa yollarla ödənilməsi zərurətini yaradacaq. Yəni heç bir dövlət özünü beynəlxalq iqtisadi aləmdən təcrid edə, axına qarşı üzə bilməz. Azərbaycan üçün də xarici ticarət sahəsində yalnız dollarla alış-verişin aparılması iqtisadi baxımdan daha məqsədəuyğundur"- dedi.

Vüqar Bayramov xatırladıb ki, hazırda dünya valyuta rezervlərinin 64 faizi dollarla saxlanılır. Onun sözlərinə görə, bu 8 trilyon dollar deməkdir və olduqca böyük rəqəmdir: "Zənnimcə Azərbaycanın Türkiyə və ya Rusiya ilə milli valyutalarla alış-verişi qısamüddətli ola bilər. Yəni dünya bazarında dolların ağalıq etdiyini nəzərə alanda istənilən halda xarici ticarət sahəsində ondan istifadə iqtisadi baxımdan daha yaxşı inkişaf vəd edir".

Əziz Mustafa

DİGƏR XƏBƏRLƏR

Top