Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi tanınmış hüquqşünas, bank sahəsi üzrə ekspert Əkrəm Həsənovun qanuni təmsilçisi olduğu “Əkrəm Həsənov və partnyorları” MMC olub.
“Əkrəm Həsənov və partnyorları” MMC pensiya, sosial sığorta və sosial müavinət məslələri üzrə bütün instansiya məhkəmələrində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsini təmsil edəcək.
Əkrəm Həsənovun qanuni təmsilçisi olduğu MMC Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsini ümumilikdə 189 iş üzrə məhkəmələrdə müdafə edəcək. MMC bu iş üçün DSMF-dən 45 min 200 manat alacaq.
Məlumat üçün onu da bildirək ki, ötən ilin dekabr ayında “Əkrəm Həsənov və partnyorları” MMC Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən keçirilən daha bir tender müsabiqəsinin qalibi olub. O zaman MMC Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsini ümumilikdə 638 iş üzrə məhkəmələrdə müdafə etmək üçün qurumdan 185 min 300 manat alıb.
Qeyd edək ki, “Əkrəm Həsənov və partnyorları” MMC 22.01.2016-cı il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Nəsimi rayonu, Nizami, ev 129E, məhəllə 705-də yerləşən MMC-nin nizamnamə kapitalı 1000 manatdır.
A. Cəfərov