Azərbaycanda yaşamasına icazə verilməyən Türkiyə vətəndaşı kimdir?


Dövlət Miqrasiya Xidməti Tayat Mustafa adlı şəxsin Azərbaycanda yaşamasına icazə verməyib.
Yeniavaz.com Azərbaycanda yaşamasına icazə verilməyən şəxsin Bakıda “Mustafa Tayat” adlı mağazalar şəbəkəsinə sahib olan məşhur türkiyəli iş adamı Tayat Mustafa olub-olmadığını dəqiqləşdirmək üçün Dövlət Miqrasiya Xidmətiə müraciət edib.
Tayat Mustafanın Azərbaycanda yaşamaq üçün etdiyi müraciətə hansı səbəbdən imtina cavabı verildiyinə aydınlıq gətirmək üçün Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətilə əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı. Miqrasiya Xidmətinin mətbuat xidmətinə məxsus olduğu bildirilən 562 57 93 və 562 11 97 nömrələrinə etdiyimiz zənglərə cavab verən olmadı. Miqrasiya Xidmətinin məlumat mərkəzindən isə bildirdilər ki, Azərbaycanda yaşamasına icazə verilməyən Tayat Mustafa ilə “Mustafa Tayat” adlı mağazalar şəbəkəsinə sahib olan Tayat Mustafa eyni şəxs ola da bilər, olmaya da. Miqrasiya Xidmətindən bildirdilər ki, bunu dəqiqləşdirmək üçün yalnız həmin şəxsin özü müraciət edə bilər.
Onu da bildirək ki, özünü  “Mustafa Tayat” mağazalar şəbəkəsinin nümayəndəsi kimi təqdim edən şəxs Tayat Mustafaya məxsus “Azərbaycanda daimi yaşamaq üçün icazə vərəqəsi”nin surətini yeniavaz.com-a göndərib. Həmim sənəddə 1961-ci il təvəllüdlü Türkiyə vətəndaşı Tayat Mustafanın 21.04.2020-21.04.2025-ci il tarixlərində Azərbaycanda yaşamaq icazəsinin olduğu qeyd olunub.
Mətbuatda yer alan məlumatlardan belə görünür ki, Türkiyə vətəndaşı olam Tayat Mustafa  Azərbaycana 2008-ci ildə gəlib və burada öz adını daşıyan mağazalar şəbəkəsi qurub.
Qeyd edək ki, “Mustafa Tayat” mağazalar şəbəkəsi və onun sahibi Tayat Mustafanın adı Azərbaycan mətbuatında mütəmadi olaraq qalmaqallı hadisələrlə bağlı qeyd olunub.
2011-ci ildə İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti “Stil-Tekstil” MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, H.Əliyev küçəsi, ev 22A ünvanında yerləşən “Mustafa Tayat” kişi, qadın və uşaq geyimlərinin satışı mağazasında aparılan yoxlama zamanı, mağazada istehlakçıların seçmə sərbəstliyinə təsir göstərən qanunsuz reklam üsullarından istifadə edilməklə istehlakçıların aldadıldığı müəyyən olunub.
“Mustafa Tayat”ın adı daha sonra 32 yaşlı Türkiyə vətəndaşı İsrafil Yaşarın anbardar işlədiyi “Stil Tekstil” MMC-yə məxsus anbardan oğurluq etməsilə də gündəmə gəlib.
Tayat Mustafanın adı ilə bağlı ən böyük qalmaqal isə onu Türkiyədə oğurlanması ilə bağlıdır. Vaxtı ilə “Mustafa Tayat” mağazalar şəbəkəsində işləyən Lətifə Məmmədova adlı Azərbaycan vətəndaşının da adının keçdiyi hadisə zamanı Tayat Mustafanın 3 gün girov saxlanıldığı, ona işgəncə verildiyi və daha sonra pul qarşılığında azad olunduğu barədə məlumatlar yayılıb.

A. Cəfərov

 

DİGƏR XƏBƏRLƏR

Top