Belarus Respublikasının Azərbaycandakı səfiri Mingəçevirdə - FOTO

Belarus Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyəli səfiri Axramoviç Gennadi Vladimiroviç öz xanımı ilə birlikdə Mingəçevirdə işgüzar səfərdə olub. Qonaqları Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov qarşılayıb. Görüş zamanı ikiərəfli münasibətlər, bir sıra sahələrdə əməkdaşlığın perspekivləri barədə fikir mübadiləsi aparılıb. İcra başçısı bildirib ki, bu gün Mingəçevir sözün həqiqi mənasında özünün yeni inkişaf dövrünü yaşayır: "Dövlət başçısının bu bölgəyə vaxtaşırı səfərləri şəhərin ictimai-siyasi, sosial-iqtisadi həyatında dərin izlər qoyur".

Səfir şəhər haqqında ətraflı məlumat aldıqdan sonra deyib: "Bu şəhər haqqında eşitmişdim. Bu gün gördüyüm bu mənzərə, şəhərdəki abadlıq işləri, şəhərdə yaradılacaq yeni sənaye parkları, şəhərin təmizliyi, havası eşitdiklərim qədər varmış".

Səfir onu da qeyd edib ki, Mingəçevir bu gün özü boyda tikinti meydançasını xatırladır: "Şəhərlə tanışlığıma çox şad oldum".

Günün ikinci yarısında səfir şəhərin Heydər Əliyev Mərkəzində, Gənclər Evində, Tarix Muzeyində, Sahil parkında və Kür Olimpiya Mərkəzində olub. Gördüklərindən məmnunluğunu bildirən səfir, insanların qonaqpərvərliyini də vurğulayıb.

Onu da qeyd edək ki, 2012-ci ilin may ayında Mingəçevir şəhərində imzalanmış birgə bəyannaməyə əsasən, Belarus respublikasının Polosk şəhəri (şəhərin 1150 illiyi münasibətilə) qardaşlaşma müqaviləsi imzalanıb. 2013 cü ildə Mingəçevir şəhərinin 65 illiyi münasibətilə Polosk şəhərinin rəhbər heyəti Mingəçevir şəhərində qonaq olub və bayram tədbirində iştirak ediblər. 2016-cı il 22-27 noyabr tarixində Şəhər İcra Hakimiyyətinin başçısı N. Bayramovun rəhbərliyi ilə nümayəndə heyəti Belarus respublikasının Polosk şəhərində olublar.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top