"Azərsu" külli miqdarda borcu olan dövlət qurumunu məhkəməyə verdi – TƏFƏRRÜAT


“Azərsu” ASC Abadlaşdırma və Park-Bağ Təsərrüfatının İnkişafı Departamentinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinə qarşı məhkəmə iddiası qaldırıb.
Yeniavaz.com
xəbər verir ki, “Azərsu” ASC və Yaşıllaşdırma Təsərrüfatı Birliyinin məhkəmə işi Bakı Kommersiya Məhkəməsinin hakimi Aytən Əliyevanın icraatındadır.
Qeyd edək ki, “Azərsu” ASC -nin Yaşıllaşdırma Təsərrüfatı Birliyini hansı səbəbdən məhkəməyə verdiyi açqılanmasa da, ehtimal olunur ki, mübahisə istifadə olunan suyun haqqının ödənilməməsilə bağlıdır.
Onu da bildirək ki, Yaşıllaşdırma Təsərrüfatı Birliyinin dövlət büdcəsinə də külli miqdarda – 229 min 13 manat 28 qəpik vergi borcu var.
Açıqlanan rəsmi məlumatlarda qeyd olunur ki, Abadlaşdırma və Park-Bağ Təsərrüfatının İnkişafı Departamentinin Yaşıllaşdırma Təsərrüfatı Birliyini 2001-ci ildə yaradılıb. Bakı şəhər İcra Hakimiyyətinin rəsmi veb-səhifəsində yerləşdirilən məlumatdan belə görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi Bakı şəhər İcra Hakimiyyəti Başçısının 17 oktyabr 2005-ci il tarixli 272 saylı Sərəncamı əsasında ləğv edilmiş Abadlaşdırma və Park-Bağ Təsərrüfatının İnkişafı Departamentinin hüquqi varisidir.  
Ötən ilin fevral ayında Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzimov Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş direktoru Vaqif Novruzovu vəzifəsindən azad edərək onun yerinə Elşən Məmmədzadə təyin edilib. Qeyd edək ki, Vaqif Novruzov Naxçıvan daxili işlər nazirinin müavini, general-mayor Səbuhi Novruzovun qardaşıdır. Vaqif Novruzovun başqa bir qardaşı Qəzənfər Novruzov isə 2015-ci il mayın 19-da Binəqədidəki çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla bağlı 4 il müddətinə azadlıqdan məhrum edilib.
Yaşıllaşdırma Təsərrüfatı Birliyinin direktoru dəyişdikdən sonra – 2019-cu ilin oktyabr ayında bu qurum tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “Ximekspress 2000 firması” olub. Yaşıllaşdırma Təsərrüfatı Birliyi “Ximekspress 2000 firması”na 3 milyon 97 min 148 manat 32 qəpik ödəyib.
Məlumat üçün bildirək ki, əsasən Sumqayıt şəhər İcra Hakimiyyətinin keçirdiyi tenderlərin qalibi olan “Ximekspress 2000 firması” bugünə kimi milyonlarla manat dəyərində tender müsabiqəsinin qalibi olub.
A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top