
Məlum olduğu kimi, Belarusda keçirilməsi nəzərdə tutulan prezident seçkilərindən 11 gün əvvəl Rusiyadan bu ölkəyə gələn 30-dan çox silahlı şəxs saxlanılıb.
Yeniavaz.com Rusiya mətbuatına istinadən bildirir ki, Belarusun Dövlət Təhlükəsizlik Komitəsinin rəhbəri Valeri Vakulçik saxlanılan şəxslərin Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin döyüşçüləri olduğunu açıqlayıb.
Məlumat üçün bildirək ki, Belarusiyanın dövlət televizyası Minsk yaxınlığında saxlanılan 32 Rusiya vətəndaşı barədə məlumat yayımlayıb.
Dövlət xəbər agentliyi isə qeyd edib ki, Rusiyadan gələn bir qrup muzdlu əvvəlcə Minskdəki otellərdən birində yerləşiblər və daha sonra paytaxta yaxın olmayan bir sanatoriyaya köçüblər.
Yayılan məlumatlarda qeyd olunur ki, Belarus prezidenti Aleksandr Lukaşenko Təhlükəsizlik Şurasının üzvləri ilə təcili iclas keçirib və Rusiya hakimiyyət orqanlarından məsələyə aydınlıq gətirmələrini istəyib.
Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədri Leonid Kalaşnikov isə Rusiyanın Belarusdakı vəziyyəti gərginləşdirməkdə maraqlı olmadığını bildirib: “Rusiya şirkətinin, xüsusən də özəl bir təhlükəsizlik şirkətinin belə təxribatda olması, Rusiyanın maraqlarına uyğun deyil. Rusiya heç vaxt bu cür oyunlara qarışmır".