İki yerdə evi olan Füzuli sakini "köçkünəm" deyib qanunsuz tikinti aparır - İcra Hakimiyyəti susur – VİDEO


Bakı şəhər Xətai rayon sakini Tahir Qocayev Keşlə qəsəbəsi, Əlişir Nəvai küçəsi, 3-7 ünvanında məskunlaşmış məcburi köçkünlərin, onun fəaliyyət göstərdiyi müəssisənin nəqliyyat yolunu məhdudlaşdırdığını iddia edir.
Bu barədə Yeniavaz.com-a məlumat verən T. Qocayev bildirib ki, indi sözügedən məcburi köçkünlər həmin ərazidə yenə qanunsuz şəkildə tikinti ilə məşğul olurlar. O həmçinin Nizami Rayon Məhkəməsinin, sözügedən şəxslərin həmin ərazidə qanunsuz məskunlaşmalarını əks etdirən 9 iyun 2009-cu il tarixli qətnaməsini də redaksiyamıza təqdim edib. Sözügedən məhkəmə qərarında bildirilir ki, həmin ərazi dövlət torpaqlarına aid olduğundan Bakı şəhəri Nizami Rayonu İcra Hakimiyyəti tərəfindən məcburi köçkünlər Verdiyev Allahverdi Ərşad oğlu, Verdiyeva Reyhan Ərşad qızı, Verdiyev Ərşad Sərxan oğlu və Mehrəliyeva Kamalə Mehralı qızı uşaqları ilə birlikda rayon arazisində başqa yaşayış sahəsində məskunlaşdırılmaqla onlar tərəfindən özbaşına inşa edilmiş tikinti və daldanacaqlar sökülsün. Həmçinin qətnamədə məcburi köçkünlərin məskunlaşdıqları torpaq sahəsinin dövlət torpaqlarına aid olduğu bildirilir və Qocayev Tahir Süleyman oğlunun həmin torpaq sahəsinə heç bir hüququ olmadığından onun maraqlarının pozulmadığı qeyd olunur.
Məsələ ilə bağlı məhkəmə qətnaməsinintəmin olunmamasının səbəbini öyrənmək üçün Nizami Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.
T. Qocayevin redaksiyamıza təqdim etdiyi Abşeron Rayonu İcra Hakimiyyəti başçısının Hökməli qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin verdiyi sənəddə, sözügedən qəsəbədə, eyni hasarın içində Verdiyev Allahverdi, Verdiyev Fikrət və Verdiyeva Reyhana məxsus 3 ayrı mənzilin olduğu qeyd olunur.

Sözügedən ərazidə məskunlaşmış məcburi köçkünlərdən Mehrəliyeva Kəmalə Mehrəli qızı Yeniavaz.com-a açıqlamasında bildirdi ki, o və ailəsi 1997-ci ildən etibarən məcburiyyət qarşısında qalaraq Keşlə qəsəbəsi, Əlişir Nəvai küçəsi, 3-7 ünvanında məskunlaşıblar və Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsindən onlara məskunlaşmaq üçün mənzil veriləndə buranı tərk edəcəklər. K. Mehrəliyeva həmçinin Hökməli qəsəbəsində evlərinin olmadığını deyib.
T. Qocayev isə Bakı Şəhəri Nizami Rayon Polis İdarəsinin 23-cü polis bölməsinin Nizami RİH-nin başçısının birinci müavinin müvafiq sorğusuna göndərdiyi cavabı redaksiyamıza təqdim edib. Həmin sənəddə məcburi köçkünlərin 2007-ci ilin yanvar ayından etibarən həmin əraziyə köçdükləri və oraya vaqon qoyaraq qeyri-qanuni tikinti işləri apardıqları bildirilir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsindən Yeniavaz.com-a məsələ ilə bağlı verilən açıqlamada bildirilib ki, Mehrəliyeva Kəmalə Mehrəli qızının 5 nəfər ailə üzvü ilə birlikdə Bakı şəhəri Xətai rayonunda adlarına mənzil var:
“Mehrəliyeva Kəmalə Mehrəli qızı Füzuli rayonunun İşıqlı kəndindən məcburi köçkündür. 1992-ci ildə Füzuli rayonunun işğaldan azad edilmiş ərazisi olan Horadiz şəhərinin sakini Verdiyev Allahverdi Ərşad oğlu ilə ailə həyatı qurub. Allahverdi Verdiyev atasının Horadiz şəhərində olan mənzilində qeydiyyatdadır və həmin yaşayış sahəsi dövlət tərəfindən bərpa olunub.
Eyni zamanda Mehrəliyeva Kəmalə Mehrəli qızının 5 nəfər ailə üzvü ilə birlikdə Bakı şəhəri Xətai rayonunda adlarına mənzil var. “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın 2.11.2.-ci bəndinə əsasən, məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlərə və onların ailə üzvlərinə (şəhid ailələri istisna olunmaqla) köçürülmə zamanı yeni yaşayış sahəsi verilmir”.


Şahmərdan Əhmədli

DİGƏR XƏBƏRLƏR

Top