
"15 il idi həmişə sən yazırdın məndən, indi isə ilk dəfə mən yazıram səndən dəyərli insan...".
Yeniavaz.com xəbər verir ki, bunu millət vəkili, ürək-damar cərrahı, tibb üzrə elmlər doktoru, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası idarə heyətinin sədri, Azərbaycan Respublikasının əməkdar həkimi Rəşad Mahmudov koronavirusun qurbanı olan İctimai Televiziya və Radio Yayımları Şirkətinin böyük redaktoru, tanınmış jurnalist Əmrah Fəqanoğlu barəsində yazıb.
Tibb üzrə elmlər doktoru Rəşad Mahmudovun yazdığını olduğu kimi təqdim edirik:
"2005 ci ildə bölgələrdə ilk "açıq ürək əməliyyatları humanitar aksiyası"na start verərkən mətbuat xidmətinin rəisi kimi tanıdım səni. Həyatımda ilk dəfə sənin uzatdığın mikrofona titrək və həyəcanlı səsimlə müsahibə vermişdim. İlk dəfə sən duymuşdun sənətim və vətənimlə qürur keçirdiyim o anları. Naxçıvan, Lənkəran, Cəlilabad, Gəncə, Gəbələ, Şamaxı, Zagatala, Agdam minlərcə ürək, onminlərcə sevinc, milyonlarca qürur hissi, "Qızıl Çınar" həmişə sən vardın yanıbaşımda. Ötən 15 il...
Əmrah Fəqanoğlu - Sən tarixə "mətbuatımızın 2020-ci il şəhidləri" sırasına qatıldın artıq! Sən mətbuat tariximizdə sadə, ləyaqətli, peşəsinə və sənətinə sadiq jurnalist kimi yaddaşlara həkk oldun, artıq! Sən gecə-gündüz demədən 5 aydır mübarizə aparan ölkə mətbuat işcilərinin fədakarlıqlarının simvolusan artıq! Sən, sən, sən artıq....!
Rahat yat əziz insan!
FB də paylaşdığın 17 yaşlı tələbə qardaşın, günəş üzlü anan, polad əzəmətli atanın yanındasan artıq!
Ruhun şad olsun!
Çox hörmətli mətbuat nümayəndələri başınız sağ olsun! Vətən var olsun!
PS: 22 iyulda “Milli Mətbuat Günü”ndə çox böyük ümidlərlə göndərdiyim mesajım Sənə son hədiyyəm olsun...".
Tətbiqimizi yükləyə bilərsiniz