AZE yerinə OYQ yazıb SMS-İcazə aldıqda cərimələnəcəksiniz - FOTO

Sosial şəbəkələrdə “sms icazən bitibsə vəsiqə nömrənin qarşısına AZE əvəzinə OYQ yaz” məzmunlu video məlumatlar dolaşır.
Yeniavaz.com xəbər verir ki, “SMS İcazə” alərkən AZE seriyasının yerinə OYQ yazdıqda həqiqətən daha 3 saat icazə verildiyinə dair sms gəlir. Amma bu sms ilə sizi polis əməkdaşı saxlasa cərimələnəcəksiniz. Belə ki, Yeniavaz.com-a müraciət edən bir oxucu bu şəkildə sms icazə alsa da cərimələndiyini bildirib: “Mən bir dəfə AZE seriyası ilə icazə aldım, daha sonra şəxsiyyət vəsiqəsinin seriyasının yerinə OYQ yazıb sms göndərdim. Bu dəfə də, cavab gəldi ki, siz yaşayış yerinizi 3 saat ərzində tərk edə bilərsiniz. Amma polis əməkdaşı həmin sms icazənin yalnız miqrantlar üçün nəzərdə tutulduğunu bildirdi və cərimə yazdı”.
Bəs nədir OYQ? OYQ-nin açılışı “Olduğun Yer üçün Qeydiyyat”dır. Bu SMS icazə üsulu yalnız Azərbaycanda müvəqqəti və ya daimi yaşama hüququ olan, vətəndaşlığı olmayan əcnəbilər üçündür. Bu şəkildə icazə alsanız və müraciətinizə müsbət cavab gəlsə belə cərimədən qaça bilməyəcəksiniz. Burada başqa bir sual ortaya çıxır ki, əgər sözügedən metod sırf ölkədə yaşayan əcnəbilər üçündürsə niyə sistem Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsinin nömrəsi ilə edilən müraciəti də qəbul edir? Məsələ ilə bağlı aidiyyatı qurumlardan münasibət almağımız mümkün olmadı.
Ehtiyatlı olun aldanmayın ki, cərimələnməyəsiniz.

DİGƏR XƏBƏRLƏR

Top