Rusiyada yaşayan azərbaycanlı ziyalılar Ermənistanın təxribatı ilə bağlı bəyanat yayıb


Rusiyada yaşayan azərbaycanlı ziyalılar Ermənistanın sərhədin Tovuz rayonu istiqamətində törətdiyi son təxribatla bağlı etiraz bəyanatı yayıblar. 

Rusiya və Azərbaycan alimi, ictimai xadim, akademik Fazil Qurbanov başda olmaqla 30-dan çox həmvətənimiz tərəfindən imzalanmış bəyanatda Azərbaycanın Tovuz rayonunda sərhəddə baş vermiş insidentlə əlaqədar narahatlıq ifadə edilir.

Bəyanatda deyilir:

“İnsident nəticəsində onsuz da amanabənd olan atəşkəs Ermənistan rəhbərliyində məxməri inqilab nəticəsində hakimiyyətə gəlmiş bir qrup amerikapərəst şəxsin uzaqgörməzliyi və məsuliyyətsizliyi nəticəsində tammiqyaslı hərbi münaqişənin bir addımlığına çatıb”.

İyulun 12-dən Azərbaycan ilə Ermənistan sərhədində artilleriya və digər ağır hərbi texnikadan istifadə edilməklə gedən döyüşlər, hər iki tərəfdən həm hərbçilər, həm də dinc sakinlər arasında insan tələfatı olması, real vəziyyətin KİV-lərdə təhrif olunması, aşkar hərbi provokasiyanın subyektiv qiymətləndirilməsi, “qırğı”ların başlıca məqsədi – Rusiya, Türkiyə və digər regional ölkələri, xüsusən KTMT-ni bu münaqişəyə cəlb etmək niyyəti Azərbaycan ziyalılarını narahat edir, çünki insident beynəlxalq birlik tərəfindən Azərbaycanın ərazisi kimi tanınmış Dağlıq Qarabağdan uzaqda baş verib. Sənəddə qeyd edilir ki, “qırğı”ların niyyəti KTMT-yə üzv ölkələri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etmək və Azərbaycanı bu təşkilatın üzvləri olan dövlətlərlə üzbəüz qoymaqdır, halbuki Azərbaycanın həmin ölkələrlə sırf iqtisadi əlaqələri və səmimi dostluq münasibətləri var.

Rusiyada yaşayan Azərbaycan ziyalılarının fikrincə, C.Soros Fondunun tapşırıqlarını yerinə yetirən ABŞ-ın əlaltıları, həmçinin ABŞ-ın Ermənistandakı səfirliyinin nəhəng ştatı dünyanı və region ölkələrini müharibəyə sürükləmək üçün əllərindən gələni etməyə çalışırlar.

Bəyanatda vurğulanır:

“Biz rusiyalılar olmaqla, bu provokasiyanın bütün mahiyyətini sayıb qiymətləndirən Rusiya Federasiyasının ali rəhbərliyinin ölçülüb-biçilmiş siyasətini bəyənir və hərtərəfli dəstəkləyirik. Biz bütün fəaliyyətini Azərbaycanın qabaqcıl ölkəyə çevrilməsinə və onun ərazi bütövlüyünün, suverenliyinin qorunub saxlanmasına həsr etmiş, Ermənistan rəhbərliyinin bütün beynəlxalq səviyyələrdə görünməmiş hərəkətlərinə və fikirlərinə layiqli cavab verən Azərbaycan Respublikasının Prezidenti və Ali Baş Komandanı İlham Əliyevin xarici siyasət kursunu bütünlüklə dəstəkləyir və bəyənirik”.

Bəyanatda qeyd edilir ki, 30 ilə yaxındır Azərbaycan bütün problemləri dinc danışıqlar yolu ilə həll etmək əzmində olduğunu göstərir, Azərbaycan ərazilərinin 20 faizdən çox hissəsini işğal altında saxlayan Ermənistan haqqında isə bunu demək olmaz. Lakin danışıqlar əbədi davam edə bilməz! ATƏT-in Minsk qrupu konkret konstruktiv təkliflər verməli və qəti hərəkət etməlidir.

Bəyanatı imzalayanlar Rusiyanın və dünyanın mütərəqqi ictimaiyyətini Ermənistanın ali rəhbərliyi tərəfindən həyata keçirilən, həm regionun ölkələri və xalqları, həm də bütün dünya üçün fəlakətli nəticələrə gətirib çıxara biləcək təhlükəli siyasəti qətiyyətlə pisləməyə çağırıblar.
(Report)

DİGƏR XƏBƏRLƏR

Top