İntihar edəcəyini deyən Qarabağ qazisi ilə bağlı DİN-dən AÇIQLAMA


Daxili İşlər Nazirliyi Gəncə şəhər sakini olan Qarabağ qazisi Elşad Quliyevin Gəncə şəhər Baş Polis İdarəsinin rəhbərliyinin adından küçədə piyada səkisi üzərində qarpız satdığı üçün ondan pul tələb edilməsi barədə yaydığı iddialara münasibət bildirib. 

Yeniavaz.com-un xəbərinə görə, DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov bildirib ki, Elşad Quliyevin iddiaları həqiqəti əks etdirmir: “E. Quliyevin sözügedən çıxışından dərhal sonra o, Gəncə şəhər Baş Polis İdarəsinin rəhbərliyi tərəfindən qəbul edilərək iddia etdiyi məsələ ilə bağlı dinlənilərək izahatı alınıb. Vətəndaş izahatında ona məxsus marketin qabağında qarpız satdığı üçün polis əməkdaşları tərəfindən bir neçə dəfə xəbərdarlıq edilərək küçə ticarətinin qanunla qadağan olunduğunu, mağazanın qarşısındakı qarpızların piyadaların hərəkətinə maneə törətdiyi barədə xəbardarlıq edildiyini bildirib. E. Quliyev onu da bildirib ki, xəbərdarlıq edildikdən 1 gün sonra 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq Gəncə şəhər Baş Polis İdarəsinin rəisinin adından pul istəyib və o bu iddiasını mağazadakı müşahidə kameraları vasitəsilə təsdiq edə biləcəyini bildirib. Lakin müşahidə kameralarına baxış keçirilən zaman hər hansı mülki geyimli şəxslərin mağazaya gələrək ondan rüşvət tələb etməsi barədə görüntü aşkarlanmayıb. Aparılan araşdırmalar nəticəində məlum olub ki, E. Quliyev ona bildirilən iradlardan nəticə çıxarmaq əvəzinə, Qarabağ döyüşlərində iştirak etməsindən istifadə edərək öz qanunazidd əməlinə bəraət qazandırmaq istəyib”.

Qeyd edək ki, E.Quliyev səkidə qarpız satması üçün Gəncə şəhər Polis İdarəsinin rəisi adından ondan 1500 manat pul tələb edildiyini iddia edib. O, həmçinin səkidə qarpız satmasına icazə verilməyəcəyi halda özünü doğrayaraq intihar edəcəyini  bildirib. İddiasına görə, bir neçə gün əvvəl şəhərdə kanalizasiya şəbəkəsindəki problemlə bağlı şikayətinə əsasən, müvafiq qurumlar onunla prinsip ararır.

DİGƏR XƏBƏRLƏR

Top