Koronavirusa görə dövlətdən yardım alan deputatlar da var - ADLARI


Bildiyimiz kimi, koronavirus (COVID-19) pandemiyasının mənfi təsirlərini azaltmaq məqsədilə Nazirlər Kabineti tərəfindən 4 aprel 2020-ci il tarixində Tədbirlər Planı təsdiq edilib. Tədbirlər Planının icrası çərçivəsində pandemiyanın zərər vurduğu sahələrdə fəaliyyəti göstərən sahibkarlara da dövlət tərəfindən maliyyə dəstəyi göstərilib.
Yeniavaz.com
xəbər verir ki, dövlət büdcəsindən maliyyə yardımı alan sahibkarlar arasında Milli Məclisin deputatları da var.
83 saylı Ağcabədi-Füzuli seçki dairəsindən Milli Məclisə deputat seçilən Aqil Abbas “Ədalət Qəzeti”nin (VÖEN – 1300456161) qanuni təmsilçisi kimi pandemiyadan zərər çəkmiş sahələrdə iş yerlərinin sayının azaldılmasının qarşısının alınması məqsədilə əmək müqaviləsi əsasında çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi mexanizmi çərçivəsində dövlətdən maliyyə yardımı alıb.
16 saylı Yasamal ikinci seçki dairəsindən Milli Məclisə deputat seçilən Erkin Qədirli fərdi sahibkar olaraq (VÖEN – 1301471522) pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmi çərçivəsində dövlətdən maliyyə yardımı alıb. 

Erkin Qədirli ona aid VÖEN-nin 13 mart 2020-ci il tarixində 13 mart 2025-ci il tarixədək dondurulduğunu bildirib: "Çünki deputat olaraq maaşdan başqa gəlirim ola bilməz. Mənim hesabıma ödənilmiş məbləğ (350 manat) 13 mart 2020-ci il tarixinədək ödədiyim vergilərə mütanəsib hesablanıb. Həmin məbləği də cibimə qoymamışam, xeyriyyə məqsədilə xərcləmişəm. Onu da deyim ki, AŞPA-da nümayəndə heyətinin üzvü kimi, 2018-2019-cu illərdə aldığım gəlirlər və ödədiyim vergilər haqqında bəyannaməmi Strasburqa göndərmişəm".

84 saylı Füzuli seçki dairəsindən Milli Məclisə deputat seçilən Vüqar Bayramov fərdi sahibkar olaraq (VÖEN – 7500209182) pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmi çərçivəsində dövlətdən maliyyə yardımı alıb.
A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top