“Su əvəzinə qəbul edilən mayelər necə gəldi içilməməlidir” – Kardioloqdan tövsiyələr


“İsti havalarda, xüsusilə də yay aylarında su qəbuluna daha diqqətlə yanaşmaq lazımdır. Su əvəzinə qəbul edilən mayelər isə necə gəldi içilməməlidir, burada ölçünü itirmək olmaz”.
Yeniavaz.com
xəbər verir ki, suyun faydaları və istifadə olunması qaydaları ilə bağlı kardioloq İlahə Ağayeva maraqlı məlumat paylaşıb.

Həmin məlumatı təqdim edirik:

Gündə nə qədər su içmək lazımdır?
Mütəxəssislərə görə, yetkin insanların su ehtiyacı normal halda ən azı 1600 ml olmalıdır.
Sağlam insanın gündəlik su ehtiyacı onun gün ərzindəki aktivliyi, çəkisi, yaşadığı iqlimin xüsusiyyətləri, iş rejimi ilə bağlı olaraq dəyişir.
ÜST normalarına görə, sağlam insan gün ərzində təxminən 1,7-2,7 litr su qəbul edə bilər.

Bəs ürək-damar sisteminə suyun faydaları hansılardır?
Damarlarımızda dolaşan qanın böyük bir hissəsi sudan ibarətdir. Qan hüceyrələrimizə lazımi oksigeni daşıyır. Sutkalıq su qəbulu kifayət qədər olmasa qan həcmi azalır, qan dövranı zəifləyir, qan qatılaşmağa meyl edir, hipovolemiya səbəbli təzyiq enmələri yaranır və bu da bayılmalara səbəb olur. Eyni zamanda yay aylarında tərlə, nəfəslə ifraz olunan su bərpa olunmadıqda, orqanizm mineral və miroelemet itkisi yaşayır. Bu da öz növbəsində müxtəlif ritm pozğunluqlarına - aritmiyalara səbəb olur.
Həmçinin ürək və digər həyati vacib orqanlara gedən qanın miqdarı zəifləyir, onların oksigen təminatı azalır, qatılaşmış qan isə damar tıxanıqlarına-tromboza səbəb olur. Bununla da, serebral və koronar damarlardakı tıxanıqlıqların yaranması miokard infarktı və insult riskini artırmış olur.
Aparılmış tədqiqatlara görə sutkalıq maye qəbulu yetərsiz olan insanlarda ürək-damar xəstəliklərinin yaranma riski digərlərinə görə 0.5 dəfə daha artıqdır. Məhz bu səbəbdən gündə ən azı 1,8-2 l (8-10 stəkan) maye qəbulu ürək-damar sistemi sağlığı baxımından vacibdir.
Həmçinin təbii su tərkibindəki Mg, K, Ca, Zn və s. mikroelementləri ilə mineral balansımıza dəstək verir.
Bundan başqa, gərgin vəziyyətdə bir saat boyunca və daha çox idman edən şəxslər daha çox su və mineralla zəngin olan idman içkiləri qəbul etməlidirlər.
Daha çox tərləyən şəxslər çox isti havalarda su qəbulunu artırmalıdırlar.
Sutkalıq maye qəbulu dedikdə buraya sadəcə su yox, maye halında digər içəcək və yeyəcəklər də aiddir. Məsələn, 1 ədəd portağalın tərkibində 120 ml, greyfrutun tərkibində 91%, ananasda 90%, qarpızda 93% su vardır.
Odur ki, su əvəzinə istifadə edilən çay, qəhvə, süd, mineral sular,meyvə şirələri, sulu yeməklər, şorbalar da gündəlik su qəbulunun içində hesablanır. Yaxşi olar ki, 1-2 fincandan artıq qəhvə və ya çay qəbul olunmasın. Suya olan təlabatın təbii su hesabına bərpa olunması daha məqsədəuyğundur.
Ürək çatışmazlığı, yüksək arterial qan təzyiqindən əziyyət çəkən insanların isə sutkalıq maye qəbulu müvafiq həkim göstərişlərinə əsasən təyin edilməli və nəzarətdə saxlanılmalıdır.

DİGƏR XƏBƏRLƏR

Top