
Dünyada sürətlə yayılmaqda olan COVİD-19 koronavirus pandemiyası səbəbindən dünya iqtisadiyyatında böhran müşahidə olunmaqdadır.
Yeniavaz.com xəbər verir ki, böhran səbəbindən ayrı-ayrı ölkələrə məxsus milli valyutalar beynəlxalq ticarətdə əsas mübadilə vasitəsi olan ABŞ dollara qarşısında sürətlə ucuzlaşmaqdadır.
Bu ilin ilk 5 ayı ərzində Azərbaycanın əsas ticarət tərafdaşı olan ölkələrin əksəriyyətinə məxsus valyutalar da dollar qarşısında dəyərdən düşüb. Buna paralel olaraq dollar qarşısında məzənnəsini sabit saxlayan Azərbaycan manatı bu ölkələrin milli valyutaları qarşısında bahalanıb.
Aşağıdakı cədvəldə Azərbaycan manatının bu ilin ilk 5 ayı ərzində əsas ticarət tərəfdaşımız olan ölkələrin milli valyutaları qarşısında nə qədər bahalandığı qeyd olunub.
Ölkələr və valyutalar | Yanvar 2020-ci il | May 2020-ci il |
Fərq |
ABŞ - dollar | 1,7000 | 1,7000 | - |
Avropa Birliyi - avro | 1,8895 | 1,8517 | 2 % |
İngiltərə - funt-sterlinq | 2,2235 | 2,0913 | 5,9 % |
Türkiyə - lirə | 0,2872 | 0,2454 | 14,5 % |
Gürcüstan - lari | 0,5908 | 0,5312 | 10,1 % |
Ukrayna - qrivna | 0,0704 | 0,0635 | 9,8 % |
Rusiya - rubl | 0,0275 | 0,0233 | 15,3 % |
Belarus - rubl | 0,8034 | 0,7019 | 12,6 % |
Qazaxıstan – tengə | 0,0045 | 0,0040 | 11,1 % |
Çin - yuan | 0,2455 | 0,2395 | 2,4 % |
Məlumat üçün bildirək ki, qeyd olunan ölkələrin milli valyutalarının manat qarşısında ucuzlaşması və manatın dollar qarşısında sabit qalması bu ölkələrdən idxal olunan məhsulları ucuzlaşdıra bilər. Amma, eyni zamanda da belə vəziyyət bu ölkələrə ixrac etdiyimiz məhsulların bahalaşması deməkdir. Nəticədə həmin ölkələrin daxili bazarında bizim məhsulların rəqabət qabiliyyəti azalmış olur və bu da yerli istehsala və ölkənin ixracına mənfi təsir edir.
A. Cəfərov