Turizm Agentliyi yol təmir edir – 1 kilometrə 350 min manat xərcləyəcək


Azərbaycan Dövlət Turizm Agentliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com
xəbər verir ki, tender müsabiqəsinin qalibi “İsmayıllı Tikinti-27” ASC olub.
“İsmayıllı Tikinti-27” ASC Dövlət Turizm Agentliyinin sifarişi əsasında “Muğanlı-İsmayıllı (17-ci km-dən)-Basqal avtomobil yolunun yenidən qurulması (4 km) və Basqal dairəvi yolunun tikintisi (1,3 km) işlərini” həyata keçirəcək.
Görüləcək işlərin qarşılığında “İsmayıllı Tikinti-27” ASC Turizm Agentliyindən 1 milyon 853 min 472 manat 3 qəpik alacaq.
Rəqəmlərdən göründüyü kimi, yenidən qurulması (4 km) və tikintisi (1,3 km) nəzərdə tutulan 5,3 km-lik yolun hər bir kilometri üçün 349 min 711 manat xərclənəcək.
Bundan başqa, 5,3 km-lik yola ümumilikdə 238 ədəd müxtəlif nişanlar quraşdırılacaq. Bunların 119 ədədi yol nişanları, 3 ədədi qadağan nişanları, 10 ədədi məcburi hərəkət nişanları, 4 ədədi servis nişanları, 18 ədədi xəbərdarlıq nişanları, 84 ədədi isə üstünlük nişanları olacaq.
Məlumat üçün onu da bildirək ki, İsmayıllı Tikinti-27” ASC 05.06.1999-cu il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 339 min 144 manat olan ASC-nin qanuni təmsilçisi Əliyev Azad Gülməmməd oğludur. “İsmayıllı Tikinti-27” ASC 2019-20-ci illərdə İsmayıllı rayon İcra Hakimiyyətinin keçirdiyi 4 müxtəlif tender müsabiqəsinin qalibi olub.

A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top