Emin Ağalarov işçilərinin maaşlarını ödəmək üçün avtomobillərini satıb- VİDEO


Azərbaycan əsilli Rusiya müğənnisi, “Crocus Group”un vitse-prezidenti Emin Ağalarov öz avtomobil parkından 3 maşınını koronavirus pandemiyasının yaratdığı böhrana görə satıb.

Bu barədə biznesmen-müğənni Rusiyanın RBK kanalına müsahibəsində danışıb. O qeyd edib ki, hətta maşınlarının hamısını satsa belə, ciddi böhran yaşayan “Crocus Group”un 15 min işçisinin heç 10 faizinin belə maaşını verə bilməz.

Xatırladaq ki, “Crocus Group”un prezidenti Araz Ağalarov aprel ayında bəyan etmişdi ki, onun şirkəti sularda köməksiz qalan gəmi kimi batmaq üzrədir. E.Ağalarov da vəziyyətin yaxşı olmadığını bildirib: “Gəmi yarımdalmış vəziyyətdədir, daha bir neçə “deşik” və o, batacaq. Lakin biz müəyyən “yamaqlar” ata bilsək, bəlkə də sahilədək üzə biləcəyik”.

Vitse-prezident deyir ki, indiyədək “Crocus Group”un aktivlərinin yarısı fəaliyyətini bərpa edə bilib: konsert zalları, çoxsaylı mağazalar, restoranlar hələ də bağlıdır. Sərgi mərkəzində isə koronavirusa yoluxan xəstələri müalicə etmək üçün hospital fəaliyyət göstərir. Bu hospitala görə dövlət şirkətə 1 milyard rubl ödəsə də, bu, “Crocus Group”a gəlir gətirməyib: “Biz bu vəsaitin bir hissəsini aldıq, hospitalı qurduq. Pulun qalanını isə audit olunub, hər şeyin qaydasında olduğu müəyyənləşdirildikdən sonra alacağıq. Düşünürəm ki, zərər hələ yoxdur, amma gəlir də olmasını gözləmirik”.

Kiçik Ağalarova görə, hər yer açılsa belə, biznes və bütün iqtisadiyyat koronavirus pandemiyasının mənfi təsirlərini hələ ən azı yarım il, hətta bir il hiss edəcək: “Biz öz gəlirlərimizin 90 faizini itirmişik, amma xərclər çox da azalmayıb. Zərəri biz hər gün, hər ay görürük, dözürük. Mən deyə bilmərək ki, yerlər açılandan sonra bu zərər azalacaq, ona görə ki, bizim ticarət mərkəzindəki icarədarlar fəaliyyətə başlayan kimi icarə haqqı verə bilməyəcəklər”.

Biznesmenin sözlərinə görə, “Crocus Group” icarədarlarla icarə haqqının hər iki tərəf üçün əlverişli həddə olması üçün güzəştə gedib. Maraqlıdır ki, şirkət işçiləri ilə də danışıqlar aparıb və əmək haqqının müəyyən qədər azaldılması müqabilində ixtisarlara getməyib.

2015-ci ildə Ağalarov “Avtoradio”ya müsahibəsində bildirmişdi ki, onun avtomobil kolleksiyasında 1969-cu ilin Rolls Royce Coupe və Cadillac Fleetwood kimi avtomobillər var. Ötən ilki müsahibəsində isə o, 1970-ci ilin Cadillac-ına sahib olduğunu bildirib. Eyni zamanda avtomobil kolleksiyasına marağının itdiyini də qeyd etmişdi.

E.Ağalarov Rusiya hökumətinin biznesə dəstəyinin yetərli səviyyədə olmadığını deyib. Onun fikrincə, dövlət biznesi və orada çalışan işçiləri dəstəkləmək üçün daha böyük dəstək tədbirləri həyata keçirə bilərdi: “Dövlətin ehtiyat fondu var ki, məhz belə fors-major halları üçün toplanıb. Daha çox xərcləmək lazım idi. Biz isə hərəyə bir azca yardım etməklə kifayətləndik. Bunu isə insanlar dərindən hiss edə bilmədilər”.

Biznesmenin sözlərinə görə, pandemiya dövründə Moskvadakı bütün ticarət mərkəzləri ciddi zərər çəkir, lakin hələ pandemiyaya qədər də “Crocus Group” çətinliklə üzdə qala bilirdi: “Biz birinci “Veqas”ı tikəndə dollar 30 rubl idi. Birinci il biz bir “Veqas”dan icarə haqqı olaraq 120 milyon dollar yığdıq. İndi bizim bütün ticarət mərkəzlərimiz birlikdə 120 milyon dollar icarə haqqı alır. Bu isə onu göstərir ki, ölkədə bizneslə bağlı nəsə yerində deyil”.


//musavat.com

DİGƏR XƏBƏRLƏR

Top