Millət vəkili: "Tənqid edəndə yüz mənbədən zəng gəlir ki, o məmurla işin olmasın"


“Çox danışanda, tənqid edəndə yüz mənbədən zəng gəlir ki, o məmurla işin olmasın. Neynəyək, elə oturub burada hər kəsə tərif deyək, əl çalaq və təzim edək?”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Millət vəkili Razi Nurullayev Milli Məclisin bu gün keçirilən son iclasında səsləndirib. O çıxışın mətnini həm də özünün “facebook” hesabında paylaşıb. Millət vəkili bildirib ki, millət vəkilinin vəzifəsi göndərilən bütün layihələrə "hə" demək də deyil:
“Ölkəmizin bu ağır vəziyyətində həm müxalifətin, həm də iqtidarın əlini daşın altına qoyması vacibdir. Bizim vəzifəmiz əl qaldırmaq, lehinə, yaxud əleyhinə düyməsini basmaq deyil, göndərilən bütün layihələrə "hə" demək də deyildir. Qəbul etməmək və qanunları geri qaytarmaq hüququmuz da var.  
Rüşvətxorluqla, məmur özbaşınalığı ilə mübarizə danışmaqla olmur. Çox da danışanda, tənqid edəndə yüz mənbədən zəng gəlir ki, o məmurla işin olmasın. Neynəyək, elə oturub burada hər kəsə tərif deyək, əl çalaq və təzim edək? 
Parlamentdə təmsil olunan müxalifət nümayəndələrinin konkret vəzifə və məsuliyyət daşıması mütləqdir. Qoy müxalifət nümayəndələri ən çox korrupsiyaya bulaşmış qurumların işinə nəzarət etsin və sənədlərlə tanış olsun. Qoy müxalifət nümayəndələri dövlətçiliyin möhkəmlənməsində və xalqın güzaranının yaxşılaşdırlmasında olan layihələrdə vəzifə alıb məsuliyyət daşısınlar və fərqli yanaşmanı ortaya qoysunlar. Uğur qazanılmasa, hörmətli Siyavuş müəllimə əsaslı mövzu verəcəyik ki, bizi sərt tənqidə məruz qoysun.
Hələ də elə məmur var ki, telefonu belə qaldırmağı özünə sığışdırmır. Bu isə millət vəkilinə qarşı ciddi hörmətsilzikdir. Bu gün adlarla gəlmişdim, son anda fikrimdən daşındırıldım. Bilsinlər ki, onların taleyi cənab Prezidentin bir imzasına, sözünə bağlıdır. Altlarında onillərlə həbs etdikləri kresloların azad olunmasını istəyirlərsə, kömək edə bilərik. Unutmayın bunu! 
Bütün bunların fonunda barışmaz qüvvələr pandemiyaya fürsət kimi yanaşır və məsuliyyətsiz məmurlar da onların əlinə oynayır. Sizə Əli Kərimli, digər barışmaz qüvvələr lazımdır? Beş qat dərinizi soyar, açığı soyumaz, sonra da üstünə duz səpər. Ölkə məhv olub gedər.
Belə bir vəziyyətdə, nə daxili, nə də xarici qüvvələrə xalqın narazılığı üzərində hakimiyyət oyunları qurmağa imkan vermək olmaz. Mən də müxalifət təmsilçilərindən biri olaraq dəyişikliklərin lehinəyəm, amma uzun və keşməkeşli yol olsa da dəyişikliyin qanunlar çərçivəsində olması mütləqdir. Çünki, inqilabların əzab, iztirab və dağıntılar gətirəcəyini bilirəm. Müasir dövrümüzün qanlı-qadalı inqilabları heç bir xalqı xöşbəxt etməyib.
Vəzifəmiz dövlət, torpaq, bayraq və ordu üçün şərəflə ölməkdir. Vəzifəmiz dövlətin bütün atributlarını qorumaqdır. Azərbaycanın prezidenti və birinci vitse-prezidenti də ölkəmizin təmsilçiləri, atributlarıdır. Vəzifəmiz həm də dövlətçilik naminə onların adlarını uca tutmaqdır”.

DİGƏR XƏBƏRLƏR

Top