Sumqayıt İcra Hakimiyyəti bir həftə ərzində bu şirkətə 4,3 milyon manat ayırdı - SƏBƏB


Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında “Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi” tərəfindən elan edilən 2 tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, tenderlərin qalibi olan “Ximekspress 2000 firması” olab. Bu şirkət İcra Hakimiyyətinin sifarişi əsasında Sumqayıt şəhərində “Yolların asfalt örtüyünün təmiri işlərini” və “Yol cizgi boyalarının çəkilməsi işlərini” həyata keçirəcək. “Ximekspress 2000 firması” görəcəyi işlərin qarşılığında Sumqayıt Şəhər İcra Hakimiyyətindən 2 milyon 332 min 240 manat  50 qəpik alacaq.
Məlumat üçün bildirək ki, “Ximekspress 2000 firması” 15.05.2000-ci il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Sumqayıt şəhəri, Səməd Vurğun Məh. 14, ev 112  olaraq göstərilən şirkətin nizamnamə kapitalı 40 manat təşkil edir. Qanuni təmsilçisi Mahmudov Rəhim Rəsul oğlu olan şirkət ötən həftə Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında “Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi” tərəfindən elan edilən tender müsabiqəsinin də qalibi olub. “Ximekspress 2000 firması” İcra Hakimiyyətinin sifarişi əsasında Sumqayıt şəhərində alleya (Xiyaban) və parkların təmiri işlərini həyata keçirəcək və görəcəyi işlərin qarşılığında Sumqayıt  Şəhər İcra Hakimiyyətindən 1 milyon 999 min 359 manat 43 qəpik alacaq.
Rəqəmlərdən də göründüyü kimi son bir həftə ərzində “Ximekspress 2000 firması” Sumqayıt  Şəhər İcra Hakimiyyətindən 4 milyon 331 min 500 manat 93 qəpik dəyərində tender udub.
Bundan başqa “Ximekspress 2000 firması” ötən il Sumqayıt Şəhər İcra Hakimiyyətinin keçirdiyi 3 tenderin də qalibi olub.
2019-cu ildə “Ximekspress 2000 firması” Sumqayıt şəhərinin 70 illik yubiley tədbirlərinin keçirilməsi, şəhərdə abadlıq və təmir işlərinin görülməsi üçün İcra Hakimiyyətindən 2 milyon 984 min 600 manat pul alıb. İcra Hakimiyyətini ötən il “Ximekspress 2000 firması”na ümumilikdə 3 milyon 440 min 444 manat 95 qəpik ödəyib.
Açıqlanan məlumatlardan belə görünür ki, “Ximekspress 2000 firması” 2019-cu ildə Abadlaşdırma və Park-Bağ Təsərrüfatının İnkişafıDepartamentinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin 3 milyon 97 min 148 manat 32 qəpik dəyərində olan tender müsabiqəsinin də qalibi olub.
Onu da qeyd edək ki, bu ilin fevral ayında “Ximekspress 2000 firması” qanuni təmsilçisi dəyişib. Ötən il milyonlarla manat dəyərində tenderlərin qalibi olan zaman şirkətin qanuni təmsilçisi Nuriyev İlqar Cəllad oğlu olub. Bu şəxsin 2009-cu ildə Sumqayıt bələdiyyəsinin üzvü olduğu bildirilir.

A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top