"Epidemiya günlərində həkimlər, aptek işçiləri fürsətdən istifadə edir" - Pediatr


“Epidemiya günlərində fürsətdən istifadə edən insanlar çoxdur. Bunlar arasında həkimlər, aptek işçiləri də var. Onlar dərmanların qiymətlərini qaldırırlar. Bu, insalara dəstək olmaq demək deyil, əksinə işlərini çətinləşdirməkdir”.
Bu sözləri pediatr Aytən İsmayılzadə Yeniavaz.com-a müsahibəsində deyib.
O, indiki dövrdə ucuz dərmanların belə tapılmadığını qeyd etdi:
"Mən pasientə yazdığım dərmanların hansının bahalı və ya ucuz olmasını bilirəm. Lakin pasientin maddi durumunun necə olduğunu bilmirəm. Bəlkə də yazdığım dərmanları ala bilməyəcək. İndi, adi vaxtlarda ucuz olan dərmanlar belə tapılmır. Buna görə də xüsusi sistem qurulmalıdır. Hazırda Almaniyada səyyar xidmətlər təşkil olunub, xüsusi geyimlərdə evlərə gedilir, vətəndaşlar yerindəcə yoxlanılır və zəruri tədbirlər görülür. Lakin bizdə poliklinikada olan həkimlərin çoxu yaşlıdırlar və risk qrupuna daxildirlər. Bunun üçün cavan kadrdan ibarət qrup yaradılmalıdır”.
Həkim eyni zamanda testlərin çox baha olduğunu da qeyd etdi: “Bir neçə özəl xəstəxanlardan başqa, cəmi iki klinikada test üçün şərait yaradıblar. Lakin testlərə güvənmək olmaz. Psixoloji olaraq rahatlayacaqsınızsa edin. Amma nəzərə almaq lazımdır ki, kifayət qədər ağır xəstələr var. Hamı birdən-birə həkimlərin, xəstəxanaların üzərinə düşməməlidir. Sistemli şəkildə hərəkət etmək lazımdır. Xəstəxanada olan yüngül simptomlu xəstələr yanlız personalı məşğul edir. Halbuki, o personal ağır xəstələrlə məşğul ola bilərdi. Sanki, onları karantin kimi yerləşdiriblər xəstəxanaya”.
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top