Hacı Şahin: “QMİ Azərbaycanda məscidlərin açılması ilə bağlı...”

Sabahdan etibarən Türkiyədə bütün məscidlər tam olaraq açılacaq. Türkiyədə koronavirus pandemiyası ərəfəsində bağlanan məscidlərdə bir neçə həftə idi ki, cümə namazının qılınmasına yalnız sosial məsafə saxlamaq şərti ilə icazə verilirdi. 
Sabahdan etibarən isə tibbi maska taxmaq və sosial məsafəni gözləmək şərtilə bütün məscidlərdə camaat namazının qılınmasına mümkün olacaq.
Həmçinin digər qonşu ölkə olan Gürcüstanda da məscidlərin açılması ilə bağlı qərar qəbul edilib.
Azərbaycanda da koronavirus pandemiyası ilə əlaqədar karantin rejimi tətbiq edilən zamandan məscidlər bağlanıb. Lakin karantin rejiminin yumşaldılması zamanı məscidlərin açılması gündəmə gəlməyib.

Yeniavaz.com xəbər verir ki, mövzu ilə bağlı ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəsmisi Hacı Şahin Həsənli musavat.com-a danışıb. O bildirib ki, hazırda məscidlərin açılması məsələsi Operativ Qərargahın verəcəyi qərardan asılıdır: “Əgər yoluxmanın sayında azalma müşahidə olunarsa, kütləvi tədbirlərin keçirilməsinə icazə verilərsə, o zaman məscidlərin açılması məsələsi də müzakirə oluna bilər. Məscidlərin dindarların üzünə yenidən açılması məsələsi virusun yayılma statistikasından asılıdır. Qafqaz Müsəlmanları İdarəsi də bu məsələni gündəmdə saxlayır və mümkün şərait yaranarsa müəyyən addımlar atıla bilər”.
Hacı Şahin Həsənli qeyd edib ki, yaranmış vəziyyət QMİ-nin nəzarətindədir və müzakirələr aparılır:
“İnsanlar qapalı yerlərdə maskadan istifadə edə, namaz qılanlar arasında məsafə saxlanıla bilər. Buna şəriətimiz də zərurət yarandıqda icazə verir. Bunların hamısı Qafqaz Müsəlmanları İdarəsində müzakirə olunur. Dini idarə olaraq Qafqaz Müsəlmanları İdarəsi də vəziyyətlə bağlı qərarlar və tövsiyələr qəbul edib. Operativ Qərargahın verdiyi qərarlara uyğun olaraq məscidlərin açılması gündəmə gələ bilər. Hazırkı şərait buna icazə vermir. Amma vəziyyət hər an müsbətə doğru dəyişə bilər”.

AĞ Partiya başqanı Tural Abbaslı isə mövzu ilə bildirib ki, bir çox ölkələrdə karantin rejimi yumşaldılan zaman kütləvi ibadət yerlərinin açılması ilə bağlı da qərarlar verilib:
“Qonşu ölkələrdə məsələn, Türkiyədə ticarət mərkəzlərinin açılmasından əvvəl məscidlərin və digər kütləvi ibadət yerlərinin açılması ilə bağlı təkliflər qəbul edildi və hökumət də bunu çox normal qəbul elədi.
Biz Fransada, Kanada da olan dostlarla əlaqə saxlayırıq. Deyirlər ki, hətta orada da ara məsafəsi saxlanmaqla məscidlərin açılmasına, cümə namazlarının qılınmasına icazə verilir”,- deyə T.Abbaslı bildirib.

Onun sözlərinə görə, Azərbaycanda məscidlərin müəyyən qaydalarla açılması mümkündür: “Ümumiyyətlə məscidlərin bağlanması məntiqli deyil. Məscidlərin ərazisi genişdir və orada ara məsafə saxlanmaqla gündəlik ibadətlərin həyata keçirilməsi mümkündür. Ən azından cümə namazlarının müəyyən məhdudiyyətlərlə qılınmasına şərait yaratmaq olar. Amma görünən budur ki, rəsmilər özləri üçün əlavə iş yaratmaq istəmirlər. Bu isə insanların konstitusion hüquqlarının pozulmasıdır. Amma biz bu məsələni çox da qabartmırıq. Lakin biz insanlar da mövcud vəziyyəti nəzərə alırıq. Onsuz da ölkədə məscidlər, ibadət məkanları azdır. Buna görə də şərait yaradıla bilər. Ümid edirəm ki, hökumət bununla bağlı müəyyən addımlar ata bilər və atmalıdır. Hesab edirəm ki, bu məsələ Qafqaz Müsəlmanları İdarəsi səviyyəsində müzakirəyə çıxarılmalıdır”.
Operativ Qərargah isə məscidlərin açılması ilə bağlı məsələnin müzakirə edildiyini, lakin indiki vəziyyətdə gündəmdə olmadığını bildirir.

DİGƏR XƏBƏRLƏR

Top