
Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında “Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi” tərəfindən elan edilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, tenderin qalibi olan “Ximekspress 2000 firması” olab. Bu şirkət İcra Hakimiyyətinin sifarişi əsasında Sumqayıt şəhərində alleya (Xiyaban) və parkların təmiri işlərini həyata keçirəcək. “Ximekspress 2000 firması” görəcəyi işlərin qarşılığında Sumqayıt Şəhər İcra Hakimiyyətindən 1 milyon 999 min 359 manat 43 qəpik alacaq.
Məlumat üçün bildirək ki, “Ximekspress 2000 firması” 15.05.2000-ci il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Sumqayıt şəhəri, Səməd Vurğun Məh. 14, ev 112 olaraq göstərilən şirkətin nizamnamə kapitalı 40 manat təşkil edir. Qanuni təmsilçisi Mahmudov Rəhim Rəsul oğlu olan şirkət ötən il Sumqayıt Şəhər İcra Hakimiyyətinin keçirdiyi 3 tenderin qalibi olub.
2019-cu ildə “Ximekspress 2000 firması” Sumqayıt şəhərinin 70 illik yubiley tədbirlərinin keçirilməsi, şəhərdə abadlıq və təmir işlərinin görülməsi üçün İcra Hakimiyyətindən 2 milyon 984 min 600 manat pul alıb. İcra Hakimiyyətini ötən il “Ximekspress 2000 firması”na ümumilikdə 3 milyon 440 min 444 manat 95 qəpik ödəyib.
Açıqlanan məlumatlardan belə görünür ki, “Ximekspress 2000 firması” 2019-cu ildə Abadlaşdırma və Park-Bağ Təsərrüfatının İnkişafıDepartamentinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin 3 milyon 97 min 148 manat 32 qəpik dəyərində olan tender müsabiqəsinin də qalibi olub.
Onu da qeyd edək ki, bu ilin fevral ayında “Ximekspress 2000 firması” qanuni təmsilçisi dəyişib. Ötən il milyonlarla manat dəyərində tenderlərin qalibi olan zaman şirkətin qanuni təmsilçisi Nuriyev İlqar Cəllad oğlu olub. Bu şəxsin 2009-cu ildə Sumqayıt bələdiyyəsinin üzvü olduğu bildirilir.
A. Cəfərov