Sloveniya qonşu Xorvatiya ilə sərhədləri yenidən bağlayır


Sloveniya qonşu Xorvatiya ilə sərhədləri yenidən bağlamağa və bu ölkədən gələn şəxslərə qarşı 14 günlük karantin rejimi tətbiq etməyə hazırlaşır. Buna səbəb son günlərdə Xorvatiyadan Sloveniyaya gələn şəxslərdə koronavirusa yoluxma hallarının aşkarlanmasıdır.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı Sloveniyanın Səhiyyə naziri Tomaş Qantar təsdiqləyib. Nazir bildirib ki, hazırda Xorvatiya virusla bağlı təhlükəsiz ölkələr siyahısında yer alsa da, onlar qarşıdakı on gün ərzində vəziyyəti yaxından izləyəcəklər. Əgər Xorvatiyada yoluxma halları artmaqda davam edərsə, bu zaman sərhədlərin bağlanmasından başqa çıxış yolu qalmayacaq.

Sloveniya hələ may ayında Xorvatiya ilə sərhədləri açmağa məcbur qalmışdı. Buna səbəb isə Xorvatiyada ikinci yaşayış yerinə malik minlərlə slovenin təzyiqi olmuşdu. Xorvatiyanın dəniz sahilləri həm Sloveniyanın, həm də Avropanın digər ölkələrinin vətəndaşları üçün sevimli istirahət mərkəzləridir. Turistlərin Xorvatiyaya gediş-dönüşdə Sloveniya ərazisindən tranzit kimi istifadə etmələri və infeksiyanın ölkədə yayılması təhlükəsi rəsmi Lyublyana tərəfindən narahatlıqla izlənilir.

Xatırladaq ki, Serbiyada, Bosniya və Herseqovinada yoluxma hallarının artması ilə əlaqədar ötən həftə Sloveniya bu ölkələrlə sərhədlərini yenidən bağlamalı olub.

DİGƏR XƏBƏRLƏR

Top