Fransa Aralıq dənizində nə üçün Türkiyə gəmilərini yoxlamağa cəhd edib?


Aralıq dənizində Fransa ilə Türkiyə arasında baş verən gərginlik davam edir.
Yeniavaz.com
xəbər verir ki, bir neçə gün əvvəl Aralıq dənizində Fransa gəmiləri ilə Türkiyə gəmiləri arasında qarşıdurma baş verdi. Fransızlar beynəlxalq sularda Türkiyə gəmilərini yoxlamağa cəhd etdilər. Türkiyə hərbçiləri isə gəmidə döyüş vəziyyətinə gətirildilər. Bu hadisə hər iki NATO üzvü ölkə arasında gərginliyə səbəb oldu. Türkiyənin Xarici İşlər naziri Mevlud Çavuşoğlu isə çıxış edərək bildirdi ki, heç kəs NATO üzvü olan Türkiyə gəmilərini beynəlxalq sularda yoxlaya bilməz, bu cür hallar baş verərsə cavab veriləcək.
Qeyd edək ki, bu hadisə barədə NATO-da araşdırma başladılıb. Bəs bu hadisənin baş verməsinə səbəb nə idi?
Mövzu ilə bağlı Yeniavaz.com-a açıqlama verən Qabil Hüseynli bildirdi ki, Fransanın bu addını qəbuledilməzdir: "Fransa tarixin bütün dönəmlərində ara qarışdıran bir ölkə kimi çıxış edib. Onların antitürk siyasəti bütün hallarda özünü göstərir. Türkiyənin Suriyada, Liviyada keçirdiyi əməliyyat barədə fransızların mənfi sözləri, Aralıq dənizinə Türkiyənin buraxılmaması və sair istiqamətdə onların çıxışları buna dəlalət edir. Hətta, onlar bir çox çıxışlarında Türkiyəyə qarşı hərbi əməliyyatdan çəkinməyəcəklərini bəyan ediblər. Aralıq dənizində baş verən hadisə olduqca təhlükəli bir insidentdir, dünyanı yenidən müstəmləkə siyasətinə qaytarmaq istəyən qüvvələrin cəhdləridir. Türkiyə burada çox ehtiyatlı olmalıdır".
Qabil Hüseynli həmçinin bildirdi ki, Fransanın beynəlxalq sularda digər bir ölkənin gəmilərini yoxlamaq hüququ yoxdur: "Fransa o zaman Türkiyə gəmilərini yoxlaya bilər ki, hadisə onların Aralıq dənizindəki ərazi sularında baş versin. Ancaq bu hadisələr beynəlxalq sularda baş verib. Fransa Türkiyə gəmilərini beynəlxalq sularda yoxlaya bilməz".
Şahin Elxanoğlu Yeniavaz.com-a açıqlamasında bildirdi ki, Türkiyənin Liviyanın mərkəzi hökumətinə dəstək verməsi hamı tərəfindən bilinən haldır: "Bu dəstəyin içərisində hərbi-texniki yardım da var. Fransa bunu bilə-bilə niyə Türkiyə gəmilərini yoxlamağa cəhd edib bu aydın deyil. Qeyd edim ki, Fransanın Afrika dövlətləri ilə əməkdaşlığı var, onlara silah və texnika verir. Ona qalsa gərək Fransanın özünün də bütün gəmiləri yoxlanılsın. Təsadüfi deyil ki, Fransanın bu addımını heç kəs dəstəkləmədi".
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top