Baş Prokurorluqdan Abşerondakı məmur həbsləri xəbəri ilə bağlı – RƏSMİ AÇIQLAMA

“Belə bir şey olub, amma məlumat dəqiqləşdirilməmiş formada yayılıb”.
Bu sözləri mətbuatda Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Abşeron Rayon İcra Hakimiyyətində əməliyyat keçirməsi barədə yayılan iddialarla bağlı Yeniavaz.com-a açıqlama verən qurumun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə deyib.
Həmçinin Baş Prokurorluq Abşerondakı məmur həbsləri ilə bağlı dəqiqləşdirilməmiş informasiyaların yayılması barədə məlumat verib.
“Bəzi kütləvi informasiya vasitələrində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon İcra Hakimiyyətinin bir sıra vəzifəli şəxslərinin saxlanılması barədə dəqiqləşdirilməmiş informasiyalar yayılmışdır.
Bildiririk ki, keçirilmiş əməliyyat-axtarış tədbirlərinin nəticəsi barədə Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən ictimaiyyətə ətraflı məlumatın verilməsi nəzərdə tutulur.
Cəmiyyətdə çaşqınlığa səbəb ola biləcək informasiyaların yayılmasının qarşısının alınması məqsədilə bu qəbildən olan məlumatların Baş Prokurorluğun Mətbuat xidməti ilə dəqiqləşdirilməsi xahiş olunur”.
Qeyd edək ki, Unikal.org ötən gün Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Abşeron rayonunda əməliyyat keçirməsi barədə məlumat yayıb. Məlumatda bildirilir ki, Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq İdarəsinin rəisi Akif Əliyev, həmin idarənin Tural adlı əməkdaşı və 2 saylı Mənzil İstismar Sahəsinin rəisi Murad həbs olunub.

DİGƏR XƏBƏRLƏR

Top