Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Dağlıq Qarabağ separatçılarının mayın 21-də keçirdikləri qondarma “and içmə” mərasimi zamanı Azərbaycan Ordusunun erməni işğalı altında olan Şuşa şəhərini bombalamamasının səbəbini ilk dəfə açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, nazir “Real” Tv-yə müsahibəsi zamanı “Şuşanı niyə vurmadıq?” sualına belə cavab verib:
“Sizin sualınıza cavab verəcəyəm. Hətta bəzi adamlar yalan danışırlar ki, hansısa brifinq olubdu, mən orada Azərbaycan dilində danışa bilməmişəm. Tam, yalandır. Hətta o yoldaş oradakı çıxışı vaxtı şəxsi tanışlığı olmayan insana “sən” deyə müraciət edir. Bunun özü onun həm dilinin, həm tərbiyəsinin, həm də səviyyəsinin göstəricisidir. Bunu qoyaq bir tərəfə.
Orada belə bir fikir səsləndi ki, nazir cənab prezidentin qarşısında məsələ qoymalı idi ki, nəsə etsin. Mən istəyirəm ki, bütün bu yoldaşlar eşitsinlər: Prezident nə etmək lazım olduğunu məndən də, onlardan da yaxşı bilir və etdi”.
Z. Həsənov bildirib ki, Ali Baş Komandanın tapşırığı ilə Azərbaycan Ordusu planlı şəkildə genişmiqyaslı təlimlərə başlayıb:
“Qısa müddətdə təlimlərin planına uyğun olaraq, bütün istiqamətlərdə minlərlə əsgər, yüzlərlə tank, top cəmləşdi. Ermənilər təşvişə düşdülər. Beynəlxalq qurumlara müraciət etməyə başladılar. Bunun özü də ermənilərin işğal siyasətinin beynəlxalq qurumlarda gündəmdə saxlanmasıdır. Onların generalları, siyasətçiləri şikayət etməyə başladılar ki, bizə hədə-qorxu gəlirlər, bu, bizə təzyiqdir və s.
Hətta ABŞ-da hərbi mütəxəssislər bu barədə çıxış etdilər və dedilər ki, Azərbaycan Ordusunun təlimi yeni üsullar, yeni taktika ilə keçirilir və ABŞ ordusunun təlimlərinə bənzərdir. Hətta bundan erməni lobbisi təşvişə düşüb. Ermənipərəst senatorun vasitəsilə həm ABŞ-ın müdafiə nazirinə, həm də dövlət katibinə müraciət ediblər ki, Azərbaycanı dayandırın. Baxın, dost görür, düşmən görür, bunlar görmürlər. Bunların məqsədi ayrıdır”.
Qeyd edək ki, deputat Vahid Əhmədov mayın 31-də baş tutan Milli Məclisin iclasında Müdafiə naziri general-polkovnik Zakir Həsənovu tənqid edib. Deputat çıxışında Z. Həsənovu Azərbaycan dilini təmiz bilməməkdə və Şuşa ilə bağlı verilən sualı cavablandıra bilməməkdə günahlandırıb.